AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Qorqud müdrikliyi və müasirlik
İyn 07, 2017 | 10:46 / Müsahibələr, çıxışlar
Oxunub 569 dəfə

İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik

“Kitabi-Dədə Qorqud” dastanları Azərbaycan ədəbiyyatının möhtəşəm abidəsidir. Ümumtürk ədəbiyyatı miqyasında da “Dədə Qorqud” dastanları xüsusi çəkiyə malikdir.

Fikrimizcə, “Kitabi-Dədə Qorqud” dastanları dünya epos sənətinin zirvəsində dayanır. Şifahi xalq ədəbiyyatı nümunəsi kimi “Dədə Qorqud”u  tərəzinin bir gözünə, digər xalqların  dastanlarını isə o biri gözünə qoysaq, Azərbaycan oğuznaməsi yenə ağır gələr. Dünya dastanı təcrübəsində daha çox salnamə, yaxud səyahətnamə motivləri üstünlük təşkil etdiyi halda, “Kitabi-Dədə Qorqud” eposu böyük ədəbiyyat nümunəsi kimi maraqlı, cazibədar həyat hadisələrini və qəribə insan talelərini bədii surətdə əks etdirir.  “Dədə Qorqud” dastanlarının nəsr hissəsi orijinal bədii təhkiyə üslubunda yaradılmış, bənzərsiz süjetə və obrazlara malik mükəmməl bir əsərdir. “Dədə Qorqud” dastanlarının nəsri bir çox hallarda yüksək poetik səviyyədə olan, obrazlı düşüncədən yoğrulmuş mənsur şeir təəssüratı yaradır. Bununla belə, dastan üçün çox zəruri olan nəsrlə şeirin növbələşməsi  tənasübündə qoşa qanaddan biri olan “Dədə Qorqud” şeiri də tam orijinal sənət nümunəsidir. “Kitabi-Dədə Qorqud” dastanlarındakı poetik nümunələr dünya dastan şeirinin şah əsərləridir. Qorqud Atanın şeirləri dünya ədəbiyyatında vəznli  sərbəst şeirin  ən qədim və ən kamil  mümunəsidir. Şeirlə nəsrin növbələşməsi prosesi də “Kitabi-Dədə Qorqud” dastanlarında çox ahəngdar şəkildə, üzvi sintez halında baş vermişdir. Dünya epos mədəniyyətində şeirlə nəsrin, təsvir və tərənnümün  bu qədər yüksək səviyyədə  bir-birini tamamladığı əsərləri barmaqla saymaq olar.

İdeya baxımından da “Kitabi-Dədə Qorqud” dastanları zəngin mənəviyyat  xəzinəsidir. Dastanda mərdlik, vətənpərvərlik, qəhrəmanlıq, insana sevgi, ata-övlad münasibətləri yüksək bədii səviyyədə ifadə olunmuşdur. Bu mənada “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının zəngin və bütöv  mənəvi  simasını dünyaya təqdim etdi. Eyni zamanda, bu dastanda öz əksini tapmış böyük əxlaqi-mənəvi dəyərlər dünyanın digər xalqlarının da ən yaxşı keyfiyyətlərini özündə əks etdirir. Dastanı oxuyan hər bir kəs, hansı coğrafiyada yaşamasından asılı olmayaraq, öz xalqına məxsus olan ali insani dəyərlərin “Kitabi-Dədə Qorqud” dastanlarında ibrətamiz həyat hadisələrinin və təsirli obrazların simasında bədii səviyyədə əks etdirildiyinin şahidi olur. Bu mənada “Kitabi-Dədə Qorqud” dastanları dünya miqyasında həmişə aktual səslənən idealları və müasir çağırışları, əbədi dəyərləri özündə əks etdirən böyük epos nümunəsi kimi mühüm əhəmiyyətə malikdir. “Kitabi-Dədə Qorqud” dastanları forma orijinallığı ilə də, ideya-məzmun baxımından və müasirlik işığında da dünya xalqları üçün cəlbedici, təsirli və əhəmiyyətlidir. “Dədə Qorqud” dastanlarına beynəlxalq miqyasda ardıcıl olaraq böyük maraq göstərilməsinin əsas səbəbi bu qədim və məşhur abidənin bədii forma cəhətdən orijinallığı, ideya etibarilə zənginliyi və müasirliyi ilə üzvi surətdə əlaqədardır. Görkəmli alman şərqşünası Fridrix Fon  Ditsin 200 il bundan qabaq üzə çıxarıb elm aləminə, geniş oxucu  auditoriyasına təqdim etdiyi “Kitabi-Dədə Qorqud” dastanları indi artıq dünyanın əksər ölkələrində yer kürəsinin müxtəlif xalqları tərəfindən böyük maraqla oxunur və rəğbətlə qarşılanır. Azərbaycan şifahi xalq ədəbiyyatının bu şah əsəri ötən iki əsr ərzində ingilis, rus, alman, fransız, ərəb, ispan, fars dillərinə tərcümə edilərək dünyada yayılmış və böyük şöhrət qazanmışdır. “Kitabi-Dədə Qorqud” dastanlarının Odisseyası Azərbaycan ədəbiyyatının  dünya şöhrətinə daha geniş üfüqlər açmaqda davam edir.

Bu mənada “Dədə Qorqud” dastanlarının  Baltikyanı respublikalarda da orada yaşayan xalqların dillərinə tərcümə olunması, geniş yayılması, ölkələrdə bu dastan haqqında tədqiqatların meydana çıxması əhəmiyyətli hadisələrdir. Bununla belə, etiraf etmək lazımdır ki, bir çox başqa xalqlarla müqasiyədə “Dədə Qorqud” dastanlarının Baltikyanı respublikalardakı “həyatı” haqqında çox az məlumatlara malik idik. Azərbaycan diaspor hərəkatının tanınmış nümayəndəsi, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyevin “Kitabi-Dədə Qorqud” dastanları Baltik xalqlarının  dillərində” adlı tədqiqat əsəri mövcud boşluğu aradan  qaldıran, bu istiqamətdə geniş elmi bilikləri Azərbaycan cəmiyyətinə çatdıran qiymətli elmi-tədqiqatdır. Bu araşdırmalarda Mahir Həmzəyev böyük zəhməti, məsuliyyətli işi və yüksək  professionallığı ilə əsl vətəndaş-ziyalı səviyyəsində çıxış edir. Onun axtarışları sayəsində “Kitabi-Dədə Qorqud”un Baltik həyatı ilə bağlı nə varsa, bütün təfərrüatları və detalları ilə geniş ictimaiyyətə çatdırılır. Bunlar Azərbaycan Qorqudşünaslığının qiymətli Baltik səhifələridir. Mahir Həmzəyev Azərbaycan Qorqudşünaslıq elminin layiqli Baltik  təmsilçisidir. Onun tədqiqatlarının işığında “Dədə Qorqud”un  Baltik “səyahəti”nin böyük və sanballı salnaməsi yaradılır.

 “Kitabi-Dədə Qorqud” dastanları Baltik xalqlarının dillərində” kitabında bu möhtəşəm eposu Litva, latış və eston dillərinə tərcümə edən yazıçılar, dastanın müxtəlif nəşrlərinə tanıtma yazıları yazmış tədqiqatçılar, illüstrasiya çəkmiş rəssamlar haqqında verilmiş məlumatlar və fotomateriallar Azərbaycan ədəbiyyatının Baltikyanı respublikalardakı dostları ilə yaxından tanışlıq üçün geniş imkan yaradır. Bununla Mahir Həmzəyev ölkələrimiz arasındakı ədəbi-mədəni və elmi əlaqələrin real salnaməsini yaratmışdır.  

Azərbaycanın tanınmış yaradıcı ziyalısı Mahir Həmzəyev Baltik respublikalarının arxivləri və muzeylərində ölkəmizlə bağlı saxlanan zəngin irsə dərindən bələddir. Onun çoxillik zəhməti səyəsində çoxcəhətli Azərbaycan-Litva əlaqələrinin zəngin sənədləri və materialları üzə çıxarılaraq tədqiq edilmiş və hər iki ölkənin ictimaiyyətinə təqdim olunmuşdur. Azərbaycan ədəbiyyatı örnəklərinin Litva dilinə tərcümə edilərək yayılması istiqamətində Mahir Həmzəyevin böyük xidmətləri yüksək  qiymətləndirilməyə layiqdir.

Azərbaycan xalq mahnılarını  ilk dəfə  olaraq Mahir Həmzəyev dərin lirizmi ilə birlikdə Litva dilində səsləndirmişdir. Nizami Gəncəvinin yaradıcılığı ilə Litva ictimaiyyətinin daha geniş şəkildə tanış ola bilməsi də Mahir Həmzəyevin bu böyük sənətkarın əsərlərini orijinala uyğun şəkildə Litva dilinə çevirməsi ilə əlaqədardır. Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Rəşad Məcid, Elçin Hüseynbəyli və başqa yazıçı və şairlərin əsərləri də Mahir Həmzəyevin tərcüməsində Litva oxucularının  mütaliəsinə daxil olmuşdur. Zəngin yaradıcılıq təcrübəsi və hər iki dili dərindən bilməsi Mahir Həmzəyevin tərcümələrinin yüksək bədii səviyyədə alınmasını təmin edir. Onun Litva xalqının klassik və müasir yazıçı və şairlərinin əsərlərindən Azərbaycan dilinə etdiyi tərcümələr də ölkəmizdə Baltik ədəbiyyatı ilə tanışlıq baxımından layiqli bələdçilik funksiyasını uğurla yerinə yetirir.

İctimai-siyasi ədəbiyyatı da qarşılıqlı surətdə Azərbaycan və Litva dillərinə tərcümə etməsi ilə Mahir Həmzəyev geniş imkanlara malik olan yaradıcı ziyalı qismində çıxış edir. Qarabağ münaqişəsi ilə əlaqədar Litvada yaranan ədəbiyyatı Azərbaycan dilinə çevirmək və çap etdirmək Mahir Həmzəyevin vətəndaşlıq borcuna məsuliyyətli münasibətinin bariz ifadəsidir.                        

Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin hekayələrini və “Kamança” pyesini Litva dilində bütün milli koloriti və ümumbəşəri dəyərləri ilə bir yerdə oxuculara çatdırması Mahir Həmzəyevın professional bir tərcüməçi kimi mühüm uğurudur. O, Azərbaycan tənqidi realizminin və “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin əsərlərini Litva dilinə çevirməklə bu Baltik ölkəsində Azərbaycan haqqında gerçək həqiqətlərin dairəsini daha da genişləndirmişdir.

Cəlil Məmmədquluzadənin əsərlərinin Litva dilinə tərcümə edilməsində Mahir Həmzəyevlə birlikdə görkəmli yazıçı və tərcüməçi xanım İrena Alieksaitenin də zəhməti yüksək qiymətə layiqdir. İrena xanım Aleksaite Maksim Qorki adına Ədəbiyyat İnstitutunun istedadlı məzunlarından biri olaraq daha çox rus dilinə və ya əksinə, ruscadan Litva dilinə tərcümələri ilə məşhurdur. Onun tərcüməçilik fəaliyyətində Litva satirik-yumoristik ədəbiyyatının rus dilinə çevrilməsi xüsusi yer tutur. Xanım İrena Aleksaitenin rus dilindən Litva dilinə tərcümə etdiyi əsərlərdə də realist-satirik ədəbiyyatın özünəməxsus payı vardır. Beləlikə o, satirik-yumoristik əsərlərin “dilini” dərindən mənimsəmiş, bu istiqamətdəki tərcümələri ilə rəğbət qazanmışdır. Bu mənada İrena Aleksaitenin Azərbaycanda satirik ədəbiyyatın böyük banisi Cəlil Məmmədquluzadənin əsərlərinin tərcüməsi işinə cəlb edilməsi düzgün seçimdir və iş fayda gətirmişdir. Hiss olunur ki, Cəlil Məmmədquluzadənin əsərlərindən bir neçəsini tərcümə etməklə bərabər, xanım İrena Aleksaite dilin daşıyıcısı kimi tərcümə edilmək üçün nəzərdə tutulmuş bütün bədii nümunələrin Litva dilində çevrilmiş son variantını nəzərdən keçirərək müvafiq iş aparmışdır.

Litva Ədəbiyyat Tərcümələri Şurası sədrinin müavini kimi İrena Aleksaite ölkədə  bədii tərcümə işinin təşkili sahəsində də səmərəli fəaliyyət göstərir. İrena xanım Aleksaitenin Avropa ölkələrində, Litvada, Rusiyada, Ukraynada tərcümə məsələlərinə həsr edilmiş beynəlxalq konfranslardakı məruzələri onu həm də tərcümə nəzəriyyəçisi kimi tanıdır. Bir sözlə, Litva Yazıçılar Birliyinin üzvü İrena Aleksaite Litvanın tərcümə ustasıdır.

Vilnüsdə   2016-cı   ildə   çap   olunmuş   Cəlil   Məmmədquluzadənin “Nigarançılq” kitabı təkcə Litvada deyil, bütövlükdə Baltikyanı respublikalarda bu görkəmli Azərbaycan yazıçısının nəşr olunmuş birinci kitabıdır. Kitaba Cəlil Məmmədquluzadənin maraqlı hekayələrindən biri olan “Nigarançılıq” hekayəsinin adı verilmişdir. “Nigarançılıq” kitabına akademik İsa Həbibbəylinin yazdığı “Cəlil  Məmmədquluzadə - Molla Nəsrəddin - Mirzə Cəlil” adlı müqəddimədə görkəmli yazıçı çoxşahəli fəaliyyətinin bütün sahələri ilə Litva oxucusuna təqdim olunmuşdur. Kitaba Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povestindən “Bir yüngülvari” adlanan  parçası, “Poçt qutusu”, “Kişmiş oyunu”, “Dəllək”, “Pirverdinin xoruzu”, “Fatma xala”, “Qurbanəli bəy”, “Quzu”, “Nigarançılıq”, “Konsulun arvadı”, “Xanın təsbehi”, “Qəssab”, “Zırrama”, “Rus qızı”, “Saqqallı uşaq”, “Buz”, “Hamballar”, “Bəlkə də qaytardılar”, “İki əq” hekayələrinin, “Niyə  məni döyürsünüz” felyetonunun və “Kamança” pyesinin tərcümələri daxildir. Kitabda yer almış “İzahlar” təqdim olunan əsərlərin milli koloritini və süjet xəttini dərindən başa düşməyə imkan yaradır. “Nigarançılıq” kitabına daxil edilmiş fotoşəkillər və karikaturalar Cəlil  Məmmədquluzadəni və “Molla Nəsrəddin” jumalını Litva oxucusunun daha yaxından tanımasına xidmət edir. Oskar Şmerlinqin, Əzim Əzimzadənin və Elturanın karikaturaları Cəlil Məmmədquluzadənin əsərlərini və XX əsrin əvvəlləri Azərbaycan mühitini tanıtmaq üçün düşünülmüş açar funksiyasını yerinə yetirir.

Cəlil Məmmədquluzadənin “Nigarançılıq” kitabının Litva dilinə tərcümə edilməsi və Vilnüsdə yüksək poliqrafik şəkildə çap olunması Azərbaycan Respublikasının Litvadakı səfirliyinin dəstəyi ilə həyata keçirilmişdir. Azərbaycan-Litva əlaqələrinin daha da inkişaf etdirilməsi sahəsində daha bir əhəmiyyətli addım olan bu qiymətli kitabın nəşri üçün göstərilən dəstəyə, aparılan təşkilatçılıq işinə görə Azərbaycan Respublikasının Litva Respublikasındakı səfiri Həsən Məmmədzadəyə dərin minnətdarlığımı bildirirəm.

“Kitabi-Dədə Qorqud” dastanlarının sintaktik quruluşu, təhkiyə üslubu ilə Cəlil Məmmədquluzadənin əsərlərinin dil xüsusiyyətləri arasında ciddi bir yaxınlıq vardır. Cəlil Məmmədquluzadənin hekayələri sanki satirik risalələrdir. “Dədə Qorqud” dastanlarındakı Qalın Oğuz elinin müqəddəsliyi ideyası ilə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” dramındakı azərbaycançılıq idealının bədii təcəssümü   bir-birini üzvi surətdə tamamlayır. Hətta Vətən torpaqlarını qorumaq və möhkəmləndirmək, mənsub olduğu xalqı daha işıqlı sabahlara aparmaq məqamında Dədə Qorqudla Molla Nərəddin - Cəlil Məmmədquluzadə eyni zirvədə birləşir.  Dədə Qorqud miladdan sonrakı başlanğıc dövrlərin, “Molla Nəsrəddin” isə XX əsrin müdrikliyinin klassik nümunəsidir. Cəlil Məmmədquluzadə - Molla Nəsrəddin yeni tarixi epoxada Dədə Qorqud sözünün yaxın və uzaq hədəflərini müasir dövrün adamlarının dilində xalqa çatdırır. Bu mənada “Kitabi-Dədə Qorqud” dastanlarının Baltik ölkələrindəki taleyini dərindən öyrənib Azərbaycan xalqına çatdıran Mahir Həmzəyevin xanım İrena Aleksaite ilə birlikdə Cəlil Məmmədquluzadənin əsərlərini də Litva dilinə tərcümə etmələri, əslində ayrı-ayrı xalqların əlyazmalarının vahid amala xidmətinin parlaq nümunəsidir. Bu qiymətli tədqiqat əsəri Mahir Həmzəyevin ölkəsini Baltik respublikalarında daha yaxından tanıtmaq baxımından da çox böyük imkanlara malikdir. “Kitabi-Dədə Qorqud” Baltik xalqlarının dillərində” kitabı rus və ya ingilis dillərinə tərcümə edilərək nəşr olunarsa, Baltikyanı respublikalar arasında dostluq və qarşılıqlı əməkdaşığın daha da inkişaf  etdirilməsinə də böyük töhfə vermiş olar.

Mahir Həmzəyevin “Kitabi-Dədə Qorqud” dastanları Baltik xalqlarının dillərində” kitabı Qorqudşünaslıq elminə sanballı töhfədir. Bu, Azərbaycan Qorqudşünaslığına layiqli Baltik ərməğanıdır.

“Kitabi-Dədə Qorqud” dastanlarına həsr olunmuş tədqiqat əsərinin meydana çıxması və Cəlil Məmmədquluzadənin “Nigarançılıq” kitabının nəşri Litvada   Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafına sanballı xidmət deməkdir. Hər iki xalq üçün əhəmiyyətli olan bu gərəkli missiyanın həyata keçirilməsində ilk növbədə Azərbaycan ziyalısının fəal iştirakı təqdirəlayiq hadisədir. Eyni zamanda, Azərbaycan oxucusunun, xüsusən də ölkə ədəbi-elmi ictimaiyyətinin az tanıdığı, məqalədən-məqaləyə rastlaşdığı litvalı həmkarları və geniş mənada Baltikyanı tədqiqatçılar və naşirlərlə tanışlıq baxımından da “Kitabi-Dədə Qorqud” dastanlarının Baltik səyahətnaməsi mühüm əhəmiyyətə malikdir.

“Kitabi-Dədə Qorqud” dastanları Baltik xalqlarının dillərində” kitabı janrına görə müasir elmi publisistika nümunəsidir. Kitabdakı axtarış yönlü araşdırmalarında Mahir Həmzəyev tədqiqatçı, təqdimatlarda isə publisist kimi çıxış edir. Elmi publisistika kitabı oxucu auditoriyasının genişləndirilməsinə meydan açır. 

Azərbaycan ziyalısı Mahir Həmzəyevlə Litva yazıçısı və tərcüməçisi İrena Aleksaitenin yaradıcılıq əməkdaşlığı geniş mənada Azərbaycan-Litva əlaqələrinin salnaməsində qalan əhəmiyyətli səhifələrdir. Bu qarşılıqlı etimadın və əməkdaşlığın əhəmiyyətinə daha bir parlaq nümunədir.

Mahir Həmzəyevin Litvada apardığı çoxcəhətli iş və yaradıcılıq fəaliyyəti təkcə XXI əsrin diaspor nümayəndəsi üçün yox, ümumiyyətlə ziyalı üçün örnək sayılmağa layiqdir.

http://525.az/site/?name=xeber&news_id=80571#gsc.tab=0

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015