AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Bakı poeziyada və musiqidə
May 05, 2017 | 08:55 /
Oxunub 50 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Bakı poeziyada və musiqidə” mövzusunda ədəbi-musiqili tədbir keçirilib.

Əvvəlcə iştirakçılar Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sərgi ilə tanış olublar.

Muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov ulu öndər Heydər Əliyevin çoxcəhətli və zəngin fəaliyyətindən söz açıb, Ümummilli Liderin Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafındakı xidmətlərini xüsusi vurğulayıb.

Qeyd edilib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə dövlətimizin inkişafı və quruculuğu sahəsində mühüm işlər görüb.

Dahi şəxsiyyətin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. 1994-cü ildə Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan çevrilişin qarşısı alınıb, dövlət müstəqilliyimiz qorunub saxlanılıb, ölkəmiz məhv olmaq təhlükəsindən xilas edilib.

Qeyd edilib ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanın dünyada tanıdılmasında və digər ölkələr arasında nüfuza sahib olmasında əzmlə çalışıb, bir sıra tarixi işlərə, mühüm layihələrə imza atıb.

1969-cu ildən Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyev Azərbaycanın digər keçmiş sovet respublikaları arasında tanıdılmasında da səylə çalışıb. Ulu Öndərin respublikamızda iri sənaye müəssisələrinin, elm, təhsil, mədəniyyət müəssisələrinin açılmasında tarixi xidmətləri olub.

Akademik R.Hüseynov bildirib ki, görkəmli dövlət xadimi hər zaman azərbaycanlı gənclərin təhsil almasına böyük önəm verib, onların savadlı və peşəkar mütəxəssis kimi yetişmələri üçün əlindən gələni əsirgəməyib. Ulu Öndərin təşəbbüsü ilə yüzlərlə gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndəriliblər. Uşaqların sağlam və savadlı mühitdə böyüməsi dahi şəxsiyyəti düşündürən ən vacib məsələlərdən biri olub.

Ümummilli lider Heydər Əliyevin Bakını çox sevdiyini söyləyən akademik R.Hüseynov Ulu Öndərin hər zaman paytaxtımızın gözəlləşməsinə, müasirləşməsinə, qədim, tarixi memarlıq abidələrimizin qorunmasına və eyni zamanda, burada yeni, müasir binaların tikilməsinə böyük önəm verdiyini söyləyib. Qeyd edilib ki, Bakıda elm, təhsil, mədəniyyət ocaqlarının açılmasını daim diqqətdə saxlayan Ümummilli Lider onların istifadəyə verilməsində də şəxsən iştirak edib.

Azərbaycan bəstəkarlarının yaradıcılığında Bakıya həsr olunan çoxlu mahnıların olduğunu deyən R.Hüseynov tədbirin Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə “AYTAM” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi tərəfindən birgə təşkil olunduğunu diqqətə çatdırıb.

Tədbirdə Asəf Zeynallı adına Musiqi Kollecinin tələbələri və Bakı şəhər məktəbliləri şeirlər söyləyib, musiqi nömrələri ifa ediblər.

http://azertag.az/xeber/1057025

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015