AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
İsa Həbibbəyli: “Alimlər “erməni soyqırımı”nın gerçək mahiyyətini dünyaya göstərməyə davam edəcəklər”
Apr 26, 2017 | 09:45 / Müsahibələr, çıxışlar
Oxunub 566 dəfə

“Ermənilərin əsassız iddialarının ifşa edilməsində, onların Anadoluda, Azərbaycanda törətdikləri soyqırımları ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında istər Türkiyədə, istərsə də ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə aparılan geniş ideoloji və təbliğati işin müsbət bəhrə verməsi hücum taktikasının uğurlarının göstəriciləridir”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımları haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər davam edir. Bununla bağlı ölkəmizdə ardıcıl olaraq xarici ölkələrin nümayəndələrinin iştirakı ilə beynəlxalq konfranslar təşkil olunur. Belə tədbirlərdən biri kimi dünən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
Konfrans iştirakçıları əvvəlcə Mərkəzin foyesində quraşdırılmış fotostendlə və Komissiya tərəfindən nəşr edilən əyani vəsaitlərlə tanış olublar.
Sonra XX əsrin əvvəllərindən etibarən Anadoluda, Cənubi və Şimali Azərbaycanda və dünyanın digər yerlərində ermənilər tərəfindən soyqırımına məruz qalmış türk-müsəlmanların və hər iki ölkə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov konfransın məqsədi, müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən konfransın məqsədi qondarma “erməni soyqırımı” ilə bağlı əsassız iddiaların tarixi və elmi faktlar əsasında təhlili və əsl niyyətinin üzə çıxarılması, əslində, soyqırımına ermənilərin deyil, türk-müsəlman əhalisinin məruz qaldığını sübut edən mənbələr əsasında elmi araşdırmaların nəticələrinin diqqətə çatdırılmasından ibarətdir. Həmçinin ermənilər tərəfindən XX əsrin əvvəllərindən etibarən Anadoluda, Cənubi və Şimali Azərbaycanda və dünyanın digər yerlərində türk-müsəlman əhaliyə qarşı törədilən terror, soyqırımı, etnik təmizləmə və vandalizm kimi cinayət əməllərinin Dağlıq Qarabağ münaqişəsi kontekstində sistemli təhlilinin aparılması və bu faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır.
Türkiyənin “Tələt Paşa” Komitəsinin sədri, ehtiyatda olan general-leytenant Ali Erdinç “1915-ci il aprelin 24-də həqiqətdə nə baş vermişdir? Erməni yalanlarına cavab və bu sahədə Azərbaycan-Türkiyə əlaqələrinin önəmi” mövzusunda məruzə ilə çıxış edərək rəhbərlik etdiyi qurumun 17 ildir fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, komitənin məqsədi əsassız erməni iddialarını ortaya çıxarmaq, Türkiyə və Azərbaycanın ərazi bütövlüyü, milli təhlükəsizliyi uğrunda əsl həqiqətləri dünyaya çatdırmaqdır. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin hər bir ölkədə çox mühüm önəm daşıdığını vurğulayan A.Erdinç ermənilərin xalqlarımıza qarşı törətdikləri soyqırımlarının araşdırılmasında və dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Azərbaycan, Türkiyə və Özbəkistanın müvafiq ictimai təşkilatlarının təşəbbüsü ilə yeni bir QHT hərəkatının başlandığını diqqətə çatdırıb.

Aureliya Qriqoriu:
“Erməni millətçilərinin məqsədi və ideyaları terrorçuluğu təbliğ etməkdir”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin deputatı, Dövlət Komissiyasının üzvü, akademik İsa Həbibbəyli çıxışında ermənilərin hər il aprelin 24-nü özlərinin soyqırımına məruz qaldıqları gün kimi bütün dünyada qeyd edirlər. Ermənilərin bu əsassız iddialarının ifşa edilməsində, onların Anadoluda, Azərbaycanda törətdikləri soyqırımları ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında istər Türkiyədə, istərsə də ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə aparılan geniş ideoloji və təbliğati işin müsbət bəhrə verdiyini vurğulayan İ.Həbibbəyli qeyd edib ki, bu, hücum taktikasının uğurlarının göstəriciləridir. Akademik ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarının araşdırılması və dünyaya çatdırılmasında AMEA-nın bir neçə institutunun təşəbbüsü ilə sanballı elmi əsərlərin hazırlanaraq müxtəlif dillərə tərcümə olunmasının, konfransların və seminarların keçirilməsinin önəmini diqqətə çatdırıb. Ermənilərin tarix boyu Qafqazda sülhü, sabitliyi pozduqlarını, müxtəlif cinayətlər, qətliamlar törətdiklərini, böyük dövlətlərin əlaltısı kimi onların çirkin niyyətlərinin icraçısı olduqlarını vurğulayan İ.Həbibbəyli onların bu əməllərini bu gün də davam etdirdiklərini vurğulayıb: “Qondarma “erməni soyqırımı”na dəstək verənlər insan haqlarının deyil, haqsızlığın tərəfindədirlər. Bir həftə əvvəl Azərbaycan Milli Elmlər Akademiyasında Qafqazşünasların beynəlxalq forumu keçirildi. Bu foruma qatılan dünya alimləri Azərbaycan və Türkiyə ilə həmrəy olduqlarını bildirdilər. Türkiyə və Azərbaycan alimləri birlikdə qondarma “erməni soyqırımı”nın gerçək mahiyyətini dünyaya göstərməyə davam edəcək. Ermənistan işğalçı dövlətdir”.
Moldova Respublikasının keçmiş ombudsmanı Aureliya Qriqoriu “Erməni icmalarının bir sıra dövlətlərin müasir siyasətinə təsiri” mövzusunda məruzəsində bildirib ki, bu beynəlxalq konfransın erməni yalanlarını ifşa etmək baxımından mühüm əhəmiyyəti var. “Mövzu yalnız Azərbaycan və Türkiyə üçün deyil, dünya üçün aktualdır”, - deyən A.Qriqoriu Ermənistanın monoetnik ölkə olduğunu, orada faşizmin dövlət səviyyəsində dəstəkləndiyini qeyd edib. Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyini bildirən sabiq ombudsman bu ölkədə irqçiliyin təbliğ olunduğunu söyləyib. O, erməni terrorunun azərbaycanlılara və türklərə qarşı dünyada geniş yayıldığını vurğulayıb. “Bu cür konfransların təşkili həqiqəti nümayiş etdirmək, həmçinin erməni yalanlarını ifşa etmək baxımından müstəsna əhəmiyyətə malikdir”, - deyən Aureliya Qriqoriu erməni icmalarının başqa dövlətlərin müasir siyasətinə təsir etmək üçün öz çirkin və məkrli siyasətlərindən istifadə etmələri barədə çoxsaylı faktları sadalayıb. Vurğulayıb ki, erməni millətçilərinin məqsədi və ideyaları terrorçuluğu təbliğ etməkdir. Aureliya Qriqoriu Azərbaycanda həyata keçirilən multikultural siyasətin dövlət səviyyəsində dəstəklənməsindən də danışıb.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “Erməni soyqırımı”nın ideya müəllifləri və onların mənsub olduqları dövlətlərin kəsişən maraqları” mövzusunda çıxış edərək erməni soyqırımı iddialarının tarixi barədə məlumat verib. O, bu əsassız iddiaların şişirdilərək yayılmasında ermənilərdən öz məqsədləri naminə istifadə edən böyük dövlətlərin payı olduğunu vurğulayaraq bir sıra faktları diqqətə çatdırıb. “Qondarma “erməni soyqırımı” iddialarının yayılmasında maraqlı olan həmin qüvvələr, təəssüf ki, ölkələrimizə qarşı çirkin niyyətlərini bu gün də həyata keçirməyə çalışırlar”, - deyən N.Mustafa bildirib ki, bunun qarşısını almaq üçün tarixçilərimiz birgə çalışaraq sanballı elmi əsərlər ortaya qoymalıdırlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Araz Qurbanov “Qondarma “erməni soyqırımı”nın ifşası, yeni fəaliyyət strategiyası tələb edir” adlı məruzəsində Prezident İlham Əliyevin tapşırığı ilə erməni təbliğatına qarşı cavab taktikası deyil, hücum taktikasından istifadə olunması nəticəsində bu istiqamətdə mühüm dönüş yarandığını vurğulayıb. Qeyd edib ki, 1915-1919-cu illərdə ermənilərin soyqırımlarına təkcə türklər və azərbaycanlılar deyil, bu ərazidə yaşayan digər xalqların nümayəndələri, o cümlədən yəhudilər, kürdlər, talışlar, eləcə də müsəlman ermənilər və digər azsaylı xalqlar da məruz qalıblar. Bütün bu soyqırımları ilə bağlı faktlar ermənilərin törətdikləri qanlı əməllərin dünyaya çatdırılması istiqamətində hazırlanan əsərlərdə geniş şəkildə əksini tapmalıdır. Təbliğat işlərində qondarma “erməni soyqırımı”nı dəstəkləyən dövlətlərin əsl siyasi məqsədləri də geniş ifşa olunmalıdır.
AMEA-nın Şərqşünaslıq İnstitutunun professoru, tarix elmlər doktoru Solmaz Rüstəmova-Tohidi “1918-ci ilin mart qırğınları erməni xadimlərinin təqdimatında” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Bakının erməni əhalisi mart qırğınını böyük qələbə kimi qeyd edirdi. Lakin şəhərin yəhudi və rus əhalisinin ciddi etirazlarından sonra ermənilər mart qırğınının onların özlərinə qarşı törədildiyini iddia etməyə başladılar. Kütləvi qətliamların miqyası, insan tələfatı böyük olduğu üçün ermənilər onu vətəndaş müharibəsi kimi qələmə verməyə çalışdılar. Lakin Nəriman Nərimanovun və digər vətənpərvər azərbaycanlıların səyləri nəticəsində mart soyqırımına milli qırğın kimi qiymət verildi. Bu qırğınla bağlı həqiqətlərin araşdırılmasında Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının rolu çox böyük əhəmiyyət daşıyır.
Solmaz Rüstəmova-Tohidi ulu öndər Heydər Əliyevin 1998-ci ildə 31 mart - Azərbaycanlıların soyqırımı ilə bağlı mühüm əhəmiyyət kəsb edən Fərmanı imzalamasının ölkəmizdə bu qətliama dövlət səviyyəsində verilən hüquqi-siyasi qiymət olduğunu diqqətə çatdırıb. O, hər il 21 aprel tarixinin Türkiyədə dinc müsəlmanların soyqırımı günü kimi qeyd olunması ilə bağlı Tələt Paşa Komitəsinin təklifinin dəstəklənməsinin önəmini vurğulayıb.

http://palitranews.az/news.php?id=68368 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015