AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Maral” əsəri bolqar dilinə tərcümə olunur
Apr 12, 2017 | 01:53 / Mühüm hadisələr
Oxunub 1342 dəfə

Romantizm  ədəbi cərəyanının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin “Maral” əsəri AMEA Hüseyn Cavidin Ev Muzeyi və Bolqarıstanın Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə layihəsi əsasında bolqar dilinə tərcümə olunur. Tərtibçisi və ön sözünün müəllifi AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, tərcüməçisi Sofiya Universiteti Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şiqayeva olan bolqar dilində nəşr olunacaq “Maral” pyesi Hüseyn Cavidin ümumbəşəri yaradıcılığının beynəlxalq miqyasda təbliği məqsədilə bolqar oxucuları üçün nəzərdə tutulmuşdur. Azərbaycan ədəbiyyatı tarixində mövzu aktuallığı ilə diqqəti cəlb edən “Maral” əsəri Azərbaycan ədəbiyyatında qadın hüquqsuzluğu mövzusunda yazılmış ilk faciədir. Ailə-məişət planında qələmə alınmış “Maral” pyesində özündən xeyli yaşlı olan Turxan bəyə ərə verilən Maral müsəlman qadınının hüquqsuzluğu ilə barışmaq istəmir, öz ürəyinin səsi ilə hərəkət etmək qərarına gəlir. Amma Maralda bu, yalnız arzu şəklindədir və lazım gəldikdə o, kifayət qədər qətiyyət göstərə bilmir. Milli əxlaq normalarının qoyduğu tabular Maralın azadlığa və sərbəstliyə doğru gedən yolunu amansızlıqla kəsir, onu fiziki məhvə məhkum edir.

 Minillik zəngin Azərbaycan ədəbiyyatının ən yaxşı humanist  ənənələrini davam və  inkişaf  etdirən  dahi  Azərbaycan  şair və  dramaturqu  Hüseyn  Cavidin ilk dramatik əsərlərindən biri olan “Maral” faciəsi işıqlı  ideyaların  təbliği  baxımından mühüm əhəmiyyətə malikdir. Bu ideyalar arasında tolerantlıq və multikultural dəyərlər də aparıcı yerlərdən birini tutur.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015