AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Hüseyn Kürdoğlunun poetik dünyasına səyahət
Mart 14, 2017 | 10:11 /
Oxunub 802 dəfə

Martın 13-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış alim, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “Hüseyn Kürdoğlunun poetik dünyası” kitabının təqdimatı keçirilib. “Sabah” nəşriyyatında çapdan çıxmış kitabın “ön söz”ünün müəllifi akademik İsa Həbibbəyli, redaktoru filologiya elmləri doktoru Şirindil Alışanlıdır.

Tədbirdə AYB-nin katibi Rəşad Məcid kitabın məziyyətlərindən danışıb. AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov nəşrdə müəllifin mərhum şair Hüseyn Kürdoğlunun yaradıcılığı haqqında məqalələrinin toplandığını bildirib. Qeyd edib ki, H.Kürdoğlunun ədəbi-bədii dünyagörüşünə, ədəbi prosesdəki yerinə, poeziyasının incəliklərinə, təbii, səmimi yaradıcılıq üslubuna həsr edilən, poetik ruhun hakim olduğu bu kitab müasir ədəbiyyatşünaslığa dəyərli töhfədir.

Tədbirdə akademik Teymur Bünyadov, Xalq Şairi Nəriman Həsənzadə, professorlar İmamverdi Həmidov, Qurban Bayramov, Vaqif Yusifli, Əməkdar incəsənət xadimi İlham Rəhimli, AzTV-nin baş redaktoru Sadıq Elcanlı, Əməkdar jurnalist Flora Xəlilzadə, filologiya üzrə fəlsəfə doktorları Natəvan Dəmirçioğlu, Esmira Fuad və digər çıxış edənlər Qəzənfər Paşayevi “Azərbaycan filologiyasının patriarxı” adlandırıblar. Onun ədəbiyyatımıza, incəsənətimizə, folklor tarixinə və ümumi türk təfəkkürünə töhfələr bəxş etdiyini söyləyiblər.

Bildirilib ki, müəllif H.Kürdoğlunu təkcə ürəyi Vətən həsrəti ilə döyünən şair kimi deyil, həm də folklorşünas alim və tədqiqatçı kimi təqdim edib, onun şifahi xalq ədəbiyyatı, aşıq poeziyası, Cənubi Azərbaycan ədəbiyyatı haqqında yazdığı əsərləri də yada salıb. Ölkəmizin hüdudlarından kənarda da şöhrət qazanan Q.Paşayevin öz müasirlərinə, klassiklərə, dünya ədəbiyyatının mötəbər nümayəndələrinə həsr etdiyi elmi əsərlər silsiləsinə daxil olan bu kitab gələcək nəsillər, gənc alimlər üçün Hüseyn Kürdoğlunun yaradıcılığı haqqında dəyərli mənbədir.

Çıxışlarda vurğulanıb ki, kitabda Laçın və Qarabağ həsrətli şeirlərini, poemalarını ürəyinin odu ilə qələmə alan şairin ədəbi-elmi heykəli yaradılıb. Onun yaradıcılığında Vətən həsrəti, yurd yanğısı, doğma torpağına sahib çıxmaq əzmi və gələcəyə inam təlqin olunur.

Tədbirdə şairin poeziyasından nümunələr və ona həsr edilmiş şeirlər səsləndirilib.

Sonda kitabın yazılma tarixindən danışan Qəzənfər Paşayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

http://azertag.az/xeber/1043003

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015