AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
AMEA Rəyasət Heyətinin üzvü Litvada bir sıra görüşlər keçirib
Mart 13, 2017 | 12:31 /
Oxunub 864 dəfə

Litvada işgüzar səfərdə olmuş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin üzvü, Akademiyanın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli bir sıra görüşlər keçirib.

 Azərbaycanın Litvadakı səfirliyindən APA-ya verilən məlumata görə, Litva Elmlər Akademiyasının prezidenti Valdemaras Razumas, sonra isə Rəyasət heyətinin üzvləri ilə keçirilmiş görüşdə iki ölkə arasında elmi əməkdaşlığın inkişafı istiqamətində mövcud imkanlar müzakirə edilib.

 Litva Elmlər Akademiyasında baş tutmuş görüş zamanı akademik T. Kərimli AMEA-nın fəaliyyəti, strukturu və elmi nailiyyətləri, həmçinin AMEA-da aparılan islahatlar barədə məlumat verib, Azərbaycan prezidenti İlham Əliyevin elm sahəsinə xüsusi diqqət yetirdiyini qeyd edərək, prezident tərəfindən ötən ilin sonunda Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının yaradılması haqqında sərəncam imzalandığını bildirib.

 Professor V. Razumas isə Litva Milli Elmlər Akademiyasının yaradılması tarixi haqqında danışıb və Akademiyanın elm sahəsində ölkə daxilində, eləcə də  beynəlxalq təşkilatlardakı fəaliyyəti barədə ətraflı məlumat verib. O, eyni zamanda Litvada təhsil sahəsində aparılacaq islahatlara toxunaraq, gələn ildən Litvada fəaliyyət göstərən ali məktəblərin sayının azaldılmasının gözlənildiyini bildirib.

 Görüşdə Litva və Azərbaycan arasında elmi əməkdaşlığın imkanları məsələləri müzakirə edilib və hər iki tərəf qurumlar arasında əməkdaşlıq haqqında sazişin imzalanmasında maraqlı olduqlarını bildiriblər.

 Litva Ədəbiyyatı və Folkloru İnstitutunda baş tutmuş görüşdə isə Azərbaycan və Litva arasında ədəbiyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Litva Ədəbiyyatı və Folkloru İnstitutunun direktorunun elmi məsələlər üzrə müavini Auşra Martişiute-Linartiene ilə keçirilmiş görüşdə T. Kərimli Azərbaycan ədəbiyyatı haqında danışaraq, qarşı tərəfə qədim və orta dövr,  həmçinin müasir Azərbaycan ədəbiyyatı haqqında məlumat verib. A. Martişiute-Linartiene Litva ədəbiyyatı haqqında qısa məlumat verib, iki ölkə arasında ədəbiyyat sahəsində əlaqələrin XX əsrin 50-ci illərindən başlandığını və bu müddət ərzində bir sıra Azərbaycan ədiblərinin əsərlərinin Litva dininə tərcümə edildiyini qeyd edib. Sonda tərəflər arasında hər iki ölkənin müasir yazarlarının əsərlərinin qarşılıqlı tərcümə edilərək nəşr olunması məsələləri müzakirə olunub.

 Vilnüs Universitetinin rektoru Arturas Jukauskas ilə baş tutmuş görüşdə isə T. Kərimli qarşı tərəfə AMEA haqqında məlumat verib. O, fundamental elmlərə yiyələnmək məqsədilə üç il əvvəl AMEA-da magistratura təhsilinin verilməsinə başlandığını və hazırda bakalavr təhsilinin verilməsi istiqamətində də işlərin aparıldığını bildirib. A. Jukauskas isə universitetin yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat verib, universitetlə Azərbaycanın Litvadakı səfirliyi arasında sıx əməkdaşlığın mövcud olduğunu və hazırda universitetdə Azərbaycanlı tələbələrin təhsil aldığını vurğulayıb.

 T. Kərimli Litvanın Türkiyədə və eyni zamanda Azərbaycanda səfiri olmuş Halina Kabatskaite (Karay türküdür) ilə birlikdə Trakay şəhərində yerləşən Karaylar Muzeyini ziyarət edib. T. Kərimli muzeyə Azərbaycan xalçası və AMEA tərəfindən ingilis dilində nəşr edilmiş “Azərbaycan xalçaları: İrəvan qrupu” adlı kitab hədiyyə edib.

http://apa.az/xeber-az/sosial_xeberler/amea-reyaset-heyetinin-uzvu-litvada-bir-sira-gorusler-kecirib.html

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015