AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
AMEA-da "Füzuli dünyası" mövzusunda lektoriya keçirilib
Yan 24, 2017 | 05:31 / Mühüm hadisələr
Oxunub 1497 dəfə

Yanvarın 24-də "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində AMEA-nın Alimlər evinin və Azərbaycan Milli Konservatoriyasının birgə layihəsi çərçivəsində "Füzuli dünyası" mövzusunda  lektoriya keçirilib.

AMEA və Azərbaycan Milli Konservatoriyasının elm və mədəniyyət xadimlərinin, tanınmış ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan AMEA-nın Alimlər evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva bu dəfəki lektoriyanın görkəmli şair və mütəfəkkir Məhəmməd Füzuliyə həsr olunduğunu qeyd edib. Bildirib ki, onun yaradıcılığı Azərbaycan poeziyası ilə yanaşı, Şərq ədəbiyyatı, eləcə də dünya ədəbiyyatı üçün mühüm əhəmiyyətə malikdir.

Sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Füzuli dünyası" mövzusunda məruzə ilə çıxış edib. Füzulinin zəngin ədəbi-fəlsəfi irsi olduğunu deyən akademik qeyd edib ki, onun əsərləri dövrünün obyektiv poetik səlnaməsidir. Alim bildirib ki, orta əsrlər Şərq poeziyasında ümumilikdə musiqi alətlərinə saz deyilirdi və şairin əsər yazması musiqi alətində ifaya bənzədilərək, "pərdə" musiqi termini ilə əsərin orijinallığı, başqalarına bənzəməməsi ifadə olunurdu.

Məruzəçi vurğulayıb ki, klassik ədəbiyyatda musiqi alətləri bir çox hallarda antropomorf cizgilər kəsb edərək, daha çox aşiq-məşuq arasında məhəbbət və heyranlıq duyğularının tərcümanına çevrilir. Məsələn, çəngdən çıxan melodik səslər yarından ayrı düşmüş aşiqə öz yarının incə, məlahətli səsini xatırladır. Bununla da musiqi aləti bir növ canlanır və poetik situasiyada iştirak etmiş olur.

Füzulinin yaradıcılığında musiqi alətlərinin tərənnümünə rast gəlindiyini söyləyən akademik onun rübab, ud, təbil haqqında fikirlərini diqqətə çatdırıb. O, söz ustadının bəzən əsl musiqişünas kimi oxucunu heyran qoyduğunu, onun musiqi alətlərindən bəhs edən "Yeddi cam" irihəcmli poemasının bu cəhətdən əhəmiyyətli olduğunu vurğulayıb.

Sonra Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, dosent, musiqişünas Lalə Hüseynova, xalq artisti Mənsum İbrahimov, əməkdar incəsənət xadimi, xanəndə Hacı Aqil Məlikov çıxış ediblər.

Lektoriyada xalq artisti Şövkət Ələkbərovanın ifasında Füzuli kantatası səsləndirilib, İncəsənət Gimnaziyasının tələbəsinin ifasında Şəbi-Hicran bədii qiraəti təqdim edilib. Tədbirdə xalq artisti Mənsum İbrahimovun tələbələri Şahnaz, Bayatı-Şiraz muğamları, Mirzə-Hüseyn segahı ifa ediblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015