AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Zaqatala folklor örnəkləri” kitabı çapdan çıxıb
Yan 16, 2017 | 02:32 / Yeni nəşrlər
Oxunub 653 dəfə

Folklor İnstitutunun filologiya üzrə fəlsəfə doktoru, AMEA İctimai Elmlər Bölməsinin elmi katibi,  Zümrüd Mənsimovanın “Zaqatala folklor örnəkləri” kitabı çapdan çıxıb.
Nəfis şəkildə çap olunan kitabın redaktoru və “Ön söz”ün müəllifi AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Yaqubqızıdır.
Kitabda 1996-2016-cı illər ərzində Zaqatala bölgəsindən, xüsusilə də Qımır, Çobankol, Bazar, Muxax, Suvagil, Gözbarax, Yuxarı Çardaxlar, Tala, Qandax, Faldar, Əliabad, Muğanlı, Yengiyan, Car, Mamrıx, Zəyəm, Bəhmədli kəndlərindən toplanmış mövsüm-mərasim, məişət-mərasim adət-ənənələri, bayatılar, nazlamalar, oxşamalar, xoyratlar, tapmacalar, lətifələr, əfsanə və rəvayətlər, nağıllar, dastanlar və s. öz əksini tapıb.
Nəşrə daxil edilən janrlar içərisində lətifələr xüsusilə seçilir. Azərbaycanda hər bir bölgənin tanınmış lətifə ustadı – Şəkidə Hacı dayı, Qarabağda Abdal Talıb və s. olub ki, Zaqatalanın Yuxarı Çardaxlar kəndinin sakini Hudul kişini də bu bölgənin Hacı dayıya bərabər lətifəbazı adlandıra bilərik. “Bilet hələ cibimdədir”, “Atasına tapşıraram”, “Can qardaş, sən turpax yolla get” və b. lətifələr onun adı ilə bağlıdır.
Kitaba bölgə ərazisində yaşayıb-yaradan aşıq və el şairlərimizin şeirləri, deyişmələri və “Aleybadlı Aşıq Hüseyn”, “Bəhrinazla Aşıq Mədət”, “Tale ilə Aşıq Mədət” kimi dastanları da daxil edilib.
Azərbaycan folkloru atlasının yaradılmasına yeni bir töhfə hesab edilən nəşr ali məktəb müəllimləri və tələbələri, mütəxəssislər, həmçinin folklor mövzuları ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015