AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi
Dek 15, 2016 | 03:12 / Yeni nəşrlər
Oxunub 727 dəfə

Bu gün AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında akademik Çingiz Qacarın “Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitabın tarixi, elmi, mədəni əhəmiyyətindən bəhs etdi. Akademik İ.Həbibbəyli nəşrdə Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, tarixi inkişaf mərhələləri foto və arxiv materialları əsasında təqdim olunduğunu, Naxçıvana aid toponimlər, etnoqrafik araşdırmaların əhatəli şəkildə əksini tapdığını bildirdi. O, yüksək elmi araşdırmaların nəticəsində ərsəyə gələn kitabın respublikanın bir çox dövlət və universitet kitabxanalarına təqdim olunduğunu diqqətə çatdırdı. 

Daha sonra çıxış edən Naxçıvan MR-in Bakı şəhərində daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov yüksək poliqrafik keyfiyyətlə rus dilində nəşr olunan kitabın Naxçıvan tarixinin dünya ictimaiyyətinə tanıdılması, mədəniyyətimizin təbliği istiqamətində vacib rol oynadığını bildirdi.

"Nuh torpağına səyahət" adlı məruzə ilə çıxış edən Memarlıq və İncəsənt İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə kitabda qədim diyar Naxçıvanın mədəniyyəti və zəngin tarixinin əks olunduğu bildirdi.  Qeyd etdi ki, nəşrdə qədim elçilik,toy ənənələri, bayramlar haqqında geniş məlumat verilir. Kitabda Naxçıvanın Azərbaycan elminə, ədəbiyyatına verdiyi töhfələr, burada doğulan böyük siyasi xadimlər, hərb adamları haqqında geniş söz açılır.

Tədbirdə Folklor İnstitunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, Fizika İnstitunun direktor müavini, akademik Cavad Abdinov, tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev, "Xalq" qəzetinin redaktor müavini Tahir Aydınoğlu çıxış edərək gərgin elmi araşdırmalar nəticəsində nəşr olunan kitabın türk dünyasını birləşdirən körpü rolunu oynayan Naxçıvanın dünyaya tanıdılmasında zəngin elmi mənbə olduğunu bildirdilər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015