AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri - IV məqalə
Dek 12, 2016 | 01:44 /
Oxunub 1575 dəfə

 Mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri - IV məqalə

“AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATI” SİMPOZİUMUNUN 25 İLLİYİNƏ

Bədirxan ƏHMƏDOV

GÜLTƏKİN

Azərbaycan ədəbi mühitində “Əmin Abid” və “Gültəkin” adları sovet dövründə nadir hallarda yanaşı çəkilib.

Əmin Abid bir nəzəriyyəçi, ədəbiyyat tarixçisi, qorqudşünas və axundovşünas alim kimi 1920-ci illərin ortalarından başlayaraq fundamental tədqiqatları ilə tanınıb, 1938-ci ildə sovet repressiya maşınının qurbanı olub. Gültəkin isə 20-ci illərin əvvəllərində Azərbaycan mühacirət poeziyasının əsasını qoyanlardan biri, hətta birincisi olub, şeirləri mühacirət mətbuatında və “İstiqlal uğrunda” məcmuəsində dərc edilib.

Ölümündən təxminən on il sonra onun şeirləri İstanbulda “Buzlu cəhənnəm” (1948) adı ilə dərc olunub və 30 ildən çox siyasi mühacirətlə birlikdə vətənə doğru yol gəlib. Ötən yüzilliyin 80-ci illərinin sonunda onun şeirləri yenidən milli arenada səslənib. Uzun müddət bu iki adın yanaşı çəkilməməsinə səbəb Ə.Abidin Türkiyədə gizli imza (Gültəkin) ilə çıxış etməsi, özünü mühacir statusunda görməsi və alovlu istiqlal şeirləri yazması olub. Yalnız Ə.Abidin istintaq sənədlərində “Gültəkin” imzası ilə dərc olunan şeirlərin müəllifi olması ilə bağlı fakt özünə yer edib ki, bu da gizli arxiv sənədi olduğundan ədəbiyyatşünaslara uzun müddət məlum olmayıb. İstintaq materiallarında Ə.Abid özü “Gültəkin” imzalı şeirlərin ona məxsus olduğunu etiraf edib. O da aydın olur ki, Gültəkin Azərbaycan siyasi mühacirəti ilə yaxın əlaqədə olub, mühacirətdə “Azərbaycan ideya”lı və ruhlu şeirləri ilə əsir xalqını mübarizəyə səsləyib.

Əmin Abid poeziya yaradıcılığına hələ Bakıda olarkən başlamış, müxtəlif mövzulu şeirlər yazmışdır. Bu şeirlər qardaşı Ə.Müznibin sahibi və redaktoru olduğu “Şahabi-saqib”, “Zənbur”, “Dirilik”, “Babayi Əmir, “Bəsirət” və s. qəzet və jurnallarda dərc edilmişdir. Yaradıcılığının bu mərhələsində gənc şair poetik parçalarında vətənin gələcək taleyi ilə bağlı narahatlıqlarını ifadə etməyə çalışırdı. Şairin Türkiyə şeirləri onun poetik yaradıcılığında keyfiyyətcə dəyişən ikinci mərhələsidir. Sovet Azərbaycanında “Qızıl qələm” şairləri komminist ideologiyasından çıxış edərkən Gültəkin ölkədən kənarda “İstiqlal!” deyə haray çəkir, xalqının azadlığa çıxması üçün var gücü ilə mübarizə aparırdı. Türkiyəyə təhsil almağa, “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini yazmağa gedən Ə.Abid - Gültəkin öz poetik yaradıcılığı ilə Azərbaycan mühacirət poeziyasının əsasını qoyur.

İlk dəfə olaraq Türkiyədə Azərbaycan şairi vətənin istiqlal duyğularını poetik formada dilə gətirir. Qızıl Ordunun Azərbaycanı işğalından sonra vətəndən uzaqlarda, eləcə də Türkiyədə iztirablı mühacirət həyatını yaşayan azərbaycanlılar üçün siyasi mübarizənin hələ təşkilatlanmadığı bir dövrdə bu şeirlərin misilsiz xidməti olub. Bu şeirlərdə şairin xalqı, vətəni üçün ən ali arzu və istəkləri, onun xoş gələcəyi ifadə olunurdu. Həmin dövrdə yeni mərhələdə bir millətin iki ədəbiyyatının yaranmasının əsası qoyulur: biri vətəndə, digəri isə sərhədlərindən kənarda-mühacirətdə. Əlbəttə, Gültəkin rəsmən mühacir deyildi, İstanbulda təhsil alıb vətəninə dönəcəkdi.
 
Onun İstanbulda olduğu dönəmdə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan siyasi mühacirəti özünün təşkilatlanma mərhələsini yaşayırdı. Azərbaycan idealı və milli şüurun yaradılmasında isə mühacirliyin, hər şeydən öncə, ictimai xarakter alması, siyasi cəhətdən təşkilatlanması və mət-buat orqanlarının yaradılması önəmli rol oynayır. “Yeni Qafqasiya” jurnalında özünün milli ruhlu şeirləri ilə çıxış edənlərdən biri də Gültəkin olur. İlk baxışdan onun şeirlərini mühacirət şeirləri sırasına daxil etmək mübahisəli görünə bilər. Lakin o rəsmən mühacir olmasa da, özünü mühacir statusunda görürdü və buna görə də “Əmin Abid” deyil, “Gültəkin” imzası ilə çıxış edirdi. Onun şeirləri bir neçə onillik mühacirət poeziyasının aparıcı məzmununu təşkil edərək ona yön, istiqamət vermişdir. Mühacirətdə Azərbaycan ədəbiyyatının inkişafından söz açan M.Ə.Rəsulzadə “Çağdaş Azərbaycan ədəbiyyatı” məqaləsində Gültəkin kimi mühacir ədəbiyyatın nümayəndələrinin yaradıcılığını yüksək qiymətləndirərək yazırdı: “Millətin parlaq gələcəyinə böyük ümidlər bağlayaraq hürriyyətə susamış, mübarizə həyəcanının gərginliyini daşıyan bu igidlərin əsl qəhrəmanlığı ilə bizi həqiqi mənada tanış edən şeir bolşevik senzurasından azad olaraq mühacirətdə nəşr edilən Azərbaycan ədəbiyyatıdır. Bu ədəbiyyatda:

İstiqlal, o yaşayan millətin qəlbində can,
İstiqlal, o səadət, həyat, zəfər, ş ərəf, şan.
İstiqlal, o sönməyən müəbbəd bir məşalə,
Könüllərdə tutuşur, gözlərdə sönsə, belə,-

deyən Gültəkin adını daşıyan alovlu şairin yazıları xüsusi yer tutur. Gültəkinin şeirlərində biz həqiqi milli inqilab mübarizəsinin nəşidələrini görürük... Gültəkin şeirlərinin təfsilatı ilə araşdırılması bizi çox məşğul edir, vaxtımız və iclasımızın çərçivəsi buna imkan vermir”.

M.Ə.Rəsulzadənin Gültəkin poeziyasına bu cür yüksək qiymət verməsinin səbəbləri vardı; bu səbəblərdən biri siyasi amillərlə bağlıdır. Gültəkin öz şeirlərində rus işğalına məruz qalmış xalqın istiqlaliyyət ideallarını qələmə almışdır. İkincisi, yeni mərhələdə mühacirət poeziyasının əsasını qoymuşdur. Üçüncüsü, poetik inkişaf baxımından da bu ədəbi nümunələr ədəbiyyatın yeni inkişaf istiqamətini müəyyənləşdirirdi. Doğrudan da, istər 20-ci illərdə, istərsə də 30-40-50-ci illərdə yaranan mühacirət poeziyasının örnəyi məhz Gültəkinin şeirləri olur. Lakin uzun müddət Gültəkinin kim olması, bu istiqlal şeirlərinin şöhrət ünvanının kimə tuşlanması məsələsi gizli qalmışdır.

Gültəkinin Azərbaycan mühacirətinin yeni yaranan mətbuat orqanları “Yeni Kafkasiya” dərgisində şeirlərinin çap olunması, onun siyasi mühacirətlə yaxın olmasını təsdiq edən kifayət qədər əsaslı arqumentdir. Ən böyük arqument isə Ə.Abidin hələ Bakıda ikən M.Ə.Rəsulzadəni şəxsən tanımasıdır. Filologiya elmləri doktoru İ.Ağayevin dediyinə görə, onlar Sovetskidə yaşayarkən qonşu olublar. İstintaq sənədlərindən aydın olur ki, Gültəkin mühacirlərin yığıncaqlarında yaxından iştirak edir, həm də “Yeni Kafkasiya”da çalışaraq oradan maaş da alırmış. Bu barədə ədəbiyyatşünas Əli Şamilin araşdırmaları vardır. Görünür, siyasi mühacirətə yaxın dairələrdə, onların iclaslarında, müzakirələrində Ə.Abidin Gültəkin adı ilə çıxış etməsi onun rəsmi mühacir olmaması idi və başqaları kimi öz adı ilə çıxış edə bilməzdi.

Ə.Abidin mühacirət şeirlərini bu ad altında çap etdirməsinin bir səbəbi də məhz şeirlərin mühacirət mövzusunu təmsil etməsində, onların məzmunundadır. Nəticədə Gültəkin adı ilə çap olunmuş şeirlərin həqiqi müəllifini çox adam tanımamış, elə Gültəkin kimi məşhurlaşmışdır. Beləliklə, uzun müddət Gültəkinlə Ə.Abid ayrı-ayrı şəxsiyyətlər hesab olunmuşdur. Ola bilsin, siyasi mühacirətə yaxın olması onun Türkiyədə Gültəkin kimi tanınmasına gətirib çıxarır. Həyat sübut etdi ki, Ə.Abid Gültəkin adı ilə şeirlər çap etdirməklə Sovet Azərbaycanında keçən həyatını nisbətən sığorta edə bilmişdir. Hətta o dərəcədə sığorta etmişdir ki, heç bir rəsmi sənədlərdə Gültəkinin Ə.Abid olduğu birbaşa göstərilməmişdir.

Ə. Abidin mühacirət şeirlərinin pafosunu Azərbaycan istiqlalı və bu istiqlal uğrunda canından keçməyə hazır olan gəncliyin mübarizəsi təşkil edir. Əsarət zəncirini qırıb atmaq yolunda gəncləri nə Sibirin “Soyuq və qorxunc dənizi” , nə də “buzlu cəhənnəm” qorxudur. Onlar yaxşı bilir ki, “ hər donduran qışın bahardır sonu”. Gültəkinin istiqlal poeziyası XX əsrin əvvəllərində yayılmış bir çox şeirlər kimi mücərrəd xarakter daşımır, onun konkret mövzusu, qayəsi var. Bu mövzu və qayə Azərbaycan istiqlalıdır. Artıq bir dəfə Azərbaycan bu istiqlala çatmışdır. İyirmi üç aylıq Azərbaycan istiqlalına qırmızı bolşevik istilası son qoymuşdu. Bu şeirlərin yaranma tarixi Azərbaycanın yenicə qazandığı istiqlalını itirməsindən başlayır.

Azərbaycan Xalq Cümhuriyyəti zamanı Azərbaycan ədəbiyyatı istiqlalının özünü yaşamaqdaydı. 1920-ci ilin aprel işğalından sonra isə bu, istiqlal ədəbiyyatının mövzusu oldu. İstiqlal məfkurəsi siyasi mübarizəsində olduğu kimi, ədəbiyyatda da yaşamını davam etdirdi. Lakin istiqlalın yaşaması üçün həm siyasi mübarizədə, həm də ədəbi fikirdə imkanlar məhdudlaşdırılmışdı. İtirilmiş istiqlalın geri qaytarılması üçün mübarizə aparanlar ya sovet zindanlarında çürüyür, ya da uzaq Şimalın buzlu şaxtalarının qurbanı olurdu. İşğalçılara qarşı ədəbi fikrin mübarizəsi isə sovet senzurası tərəfindən mətbuata və ədəbiyyata çıxarılmırdı. Bunu nəzərdə tutan M.Ə.Rəsulzadə yazırdı: “Sovet senzurasının icazəsi daxilində Azərbaycan yurdsevərliyindən ancaq bu qədər bəhs edilə bilər. Bundan artığına hələ qırmızı rus istilasına qarşı yönəlmiş həqiqi yurdsevərliyə qətiyyən meydan verilməz. Qüvvəsini məmləkətin tarixi və milli ənənələrindən alan bu cərəyanın əlamətlərini bizə sovet əsirliyinin tam mənzərəsini yaradan gizli şeirlər verirlər”.

Ona görə də istiqlal ideyasının ədəbiyyatımızda intişarı mühacirət ədəbiyyatında bütün dolğunluğu ilə üzə çıxır. Mühacirət ədəbiyyatımızda istiqlal ideyasını yaşadan Gültəkin Azərbaycanda hər şeyin, ədəbiyyatın, incəsənətin, bədii təfəkkürün belə bolşevikləşdiyi, XI Qızıl Ordunun xilaskar ordu kimi qələmə verildiyi bir zamanda “ Bolşevik” ( 1924) şeirində yazır:

Bürüdü bir qorxunc yel kibi bizi,
Bu dağlarda oldu duman bolşevik.
Qanlara boyandı Xəzər dənizi
Vermədi kimsəyə aman bolşevik.

Bolşevik atını sürdü Araza,
Oğulsuz analar batdılar yasa.
Ey əziz qardaşlar, bu yıl olmazsa
Gələcək yıl olur viran bolşevik.

Rəngini tökdüyü qandan aldı o,
Dünyaya bir yeni vəhşət saldı o,
Qafqaz onun deyil, bizdən çaldı o,
Oldu bu gün bizə düşmən bolşevik.

Gültəkinin istiqlal şeirləri Türkiyədə  “Yeni Kafkasiya” jurnalının ayrı-ayrı saylarında dərc olunmasına baxmayaraq, ilk dəfə bir topluda cəmləşir. Azərbaycan tədqiqatçılarının da istifadə etdiyi bu mənbə 1928-ci ildə İstanbulda çıxmış “İstiqlal uğrunda” adlı şeirlər məcmuəsidir. Burada Gültəkindən başqa daha bir neçə istiqlal şairinin şeirləri toplanmışdır. Gültəkinin məcmuədəki şeirləri, olduğu kimi, yenidən M.B.Məmmədzadə tərəfindən 1948-ci ildə “Buzlu cəhənnəm” kitabında çap olunur. Kitaba yazdığı “Gültəkin” adlı  ön sözündə  M.B.Məmmədzadə Türkiyədə və onun xaricində istiqlal ideallarının bədii fikirdəki roluna böyük qiymət verərək yazırdı: “Azərbaycan türklərinin milliyyət, hürriyyət və istiqlal uğrunda qızıl rus imperializminə qarşı qanlı savaşını şeir vadisində təmsil edən mühacirlərdən mühacirətdə yetişənlərin başında Gültəkin gəlir”.

Gültəkinin, eləcə də mühacirətdə onun yolunu davam etdirən şairlərin istiqlal şeirlərinin çapına mühacirətdə böyük ehtiyac duyulurdu: “Bir tərəfdən hürriyyət və istiqlal eşqi ilə yanan gənc nəslin ehtiyaclarını təmin etmək, digər tərəfdən dağınıq bir halda bulunan bu şeirləri toplu bir hala gətirmək surətiylə ədəbiyyatla iştiqlal edən maraqlıların işini kolaylaşdırmaq məqsədiylə “Mühacirətdə yetişən milliyyətçi Azəri şairləri” ümumi adı altında bir şeir nəşrini faydalı gördük. Şeirin birincisini Gültəkin və onun şeirləri təşkil edəcəkdir.

Gültəkinin şeirlərini “Yeni Kafkaziya” məcmuasından alıyoruz. Və bunların ədəbi və milli dəyəri haqqında bir fikir edilə bilmək üçün “ İstiqlal uğrunda” şeirlər məcmuəsindəki müqəddiməyi, Gültəkinə aid olmayan çox az sətirləri çıxmaq surətiylə, eynən aşağıya nəql ediyoruz”.

Gültəkinin bu şeirləri əsasən proqram xarakterlidir və milli azadlıq ideyasının yayılmasına xidmət edir. Lakin həcmcə böyük olmayan şeirlərin (cəmi 21 şeir) özü belə mövzu, mündəricə baxımından yaxındır, həyatla səsləşəndir. “Buzlu cəhənnəm”, “Azərbaycan istiqlalı”, “Azərbaycan gəncliyinə”, “ Əsirələr bəldəsi”, “ Qızıl rus şairinə”, “ Canavar” şeirlərində süjetli lirikadan geniş istifadə olunur. Kitab “Buzlu cəhənnəm” şeiri ilə şairin “ruslar tərəfindən Sibiryaya nəfy (sürgün) edilən Azəri qardaşlarıma” epiqrafı ilə açılır. Şairin azadlıq, müstəqillik yolundan dönməyən və bu yolda apardığı mübarizə nəticəsində Sibirə sürgün edilən azadlıq aşiqlərinə şeir həsr etməsi təsadüfi deyildi.

Şeir Sibirə müraciətlə başlayır. O, “soyuq və qorxunc dəniz”, “ yalnız qatilin deyil, haqq bağıran daşın da qəbri olan yer” adlandırdığı Sibirdən təmənna edir. Minlərlə, on minlərlə azadlıq aşiqini öz soyuq  qucağına alan Sibirdən nə unmaq olar? Şairin təmənnası budur ki, o, ayağa qalxaraq yeni gələn müsafiri qəbul etsin.

Hamısı xəstə və olan bu yaşayış acı rüzgarların ilıq bir qucağı kimi onlara açılsın.”

Düşün ki, həpsini düşmən soldurmuş...
Hicran qəlblərinə bir damğa vurmuş.
Onları yollamış bədbəxt bir diyar.
Qəlblərində kədər, gözlərində nəm,
Onları incitmə, yetimdir onlar,
Ey soyuqla yaxan buzlu cəhənnəm!

Sibirya - “Təbiətin bu zalım “Çeka”sında nəfəslər tıxanır-sanki yer kürəsi boğulur. Eyni zamanda ananın gözləri yaşla dolur. Nələr düşünür o? Yerim rahatsızdır, oğlumu xatırladı? Yox, oğlunu düşünmə! O artıq buzlu üfüqlərin qucağında olmasına baxmayaraq əməllə, işlə yaşayır, soyuqları “ əmdikcə” “daha ver!”-deyir. “Qəlbindəki alov” onu yaşadır və əmin edir ki, qışdan sonra hökmən bahar gəlir... Şeirin üçüncü hissəsində şair gənclərə xitab edir:

... Və siz ey ölümün qorxunc yolunda,
Dəmir addımlarla yürüyən gənclər!
Siz ey bir talehin gizli qolunda,
Yürürkən baxtı da yürüyən gənclər!
Uzatınız bana siz əlinizi,
Təbrik edəyim bən yigidlər sizi!
Baş əymədiniz siz haqq yiyənlərə,
Dediniz yaşamaz Azəri haqsız.
Sizi kəsmək üçün enən xəncərə
“Hürriyyət istərsiz!” deyə yazdınız.

“Bayrağım və istiqlalım”, “Vətənim və eşqim”, “Qürbətdə bayram”, “Azərbaycan istiqlalı” şeirlərində yaşanmış, lakin əldən verilmiş Azərbaycan istiqlalının yenə də bizim olacağına dərin ümidlər vardır. “Buzlu cəhənnəm”də min bir əziyyətə dözən mübarizlər bayrağı, istiqlalı, vətən eşqini qəlblərində yaşadırlar.

“Bayrağın ölmədiyini, əgər ölərsə, bu bayrağı ləğv edən ölkələrin özlərinin torpağın altına keçəcəklərini” -deyən şair Azəri oğludur. Onun adından şah damarından axan qan var. Lakin bütün zülm və işgəncələrə baxmayaraq, “Nerondan betər zülm yapan”, “türklüyün qəlbinə neştər vuran” ölkəyə qarşı “intiqam”  şüarı da qalacaq. Vətəni yad əllərdən xilas etmək üçün bir yol var :

Kurtuluş, ey nazlı, sevimli pəri,
Könüldən vurğundur sana azəri.
Dişimlə qırarım, bir gün gəlir də
Bağrına saplanan qanlı xəncəri.
Yaşa ey həsrətlə doğan istiqlal!
Yaşa ey türk, yaşa ey gözəl hilal!

“Sevgili Bakıya” , “Annəmə”, “Qürbətdə bayram” şeirləri də vətənin azadlığına həsr olunub. Şair qürbətdə düşünür: “Yenə sevimli Bakının üzü solğundur, onun dərdinə acıyanlar yoxdur”. Xəzərin sularından çox göz yaşı axıdan şair darda, “ qəlbinə matəm bağlayan”, “düşmən qucağında ağlayan” vətən üçün öz qanını halal edir. İstanbuldan yazdığı “Annəmə” şeirində uzaqda qalan “Müşviq qucağı”nı  axtarır, həyatda yalnız bir sevgilisinin olduğunu bildirir. Bu sevgilinin adı Azərbaycandır! O, anasından xahiş edir ki, sevgilisi- “Şən Azərbaycana” çatdırsın ki, o hələ də “mənim gözəlim” olaraq qalır:
Get onun bağrına yüzünü sürt də

Rusun çeynədiyi torpağını öp.
Azəri oğlunun böyük ümidlə,
Gömdüyü üçrəngli bayrağını öp.
Bəlkə də ölürüm qürbətdə annə!
Ruhumsa qalmasın həsrətdə annə!

Gültəkinin istiqlal şeirlərinin bir neçəsi birbaşa işğalçılara ünvanlanıb. “Qorxu”, “ Çeka”, “ Azəri kommunistinə”, “ Qızıl rus şairinə”, “ Canavar” (“Kommunizm “dəha”sına”, “Bolşevik” şeirlərində istiqlalçı şairin hiddət və nifrəti, qəzəbi coşur, aşıb - daşır. Bu şeirlərin əhəmiyyəti bir də ondadır ki, əgər vətəndə kommunistlər təriflənir, onların şəninə şeirlər qoşulurdusa, mühacirətdə, əksinə, kommunistlərin və rus imperiyasının iç üzü açılırdı. Çar hökümətinin yeritdiyi siyasəti, indi də Leninin yeni respublikalar adı altında birləşdirdiyi Sovet hökuməti yeridirdi. Siyasi partiya üzvlərinin ölkədə kütləvi şəkildə həbs olunduğu, Sibirə sürgünə göndərildiyi bir zamanda poeziyada siyasi mövzulara yer ayrılması, hər şeydən əvvəl ictimai - siyasi məfkurənin poeziyada yaşaması deməkdir. Bu mənada Gültəkinin şeirləri mühacir poeziyasının örnəyidir. Bu şeirlərin başlıca məqsədi yeni nəsli istibdada, zülm və əsarətə qarşı qaldırmaqdan ibarətdir. Ona görə də şair bu duyğularında qətiyyən bədbinliyə, ruh düşkünlüyünə qapılmır, əksinə, mətanətlə hayqırır. “Çeka”ların “süngü ninnisi”nə qarşı çıxır, canavarı öz adı ilə çağırır. Bu zülmün, istibdadın mənbəyini alovdan, “ölüm saçan” diyar - Moskvanı hədələməkdən belə çəkinmir:

O qandan, gəmidən yoğrulan yerin,
Əlbəttə, olacaq sənin məqbərin.
Gün gəlir hilalə baş əyir yenə
Göy bayrağı öpən məğrur burcların.
Sən ey xəyanətə, zülmə bir yuva,
Ey qızıl Moskva, vəhşi Moskva!..

Eyni xitabları Gültəkin “Azəri kommunistinə”, “Qızıl rus şairinə”, “Kommunizm “dəha”sına” da ünvanlayır. Şair respublikada “Çeka” quran “Azərbaycan kommunisti”ni babasının “nankor oğlu” hesab edərək onun göylərdə ucaldığını və ona “qardaş” deməyə dili gəlmədiyini bildirir. Əgər ona qardaş deyərsə, millətin onu töhmət edəcəyi qənaətində də şair haqlıdır; çünki düşmənlə qardaş olmaq çətindir, hiyləyə aldanmaq deməkdir. Gültəkin “Sən nəsin, nəçisin kimin oğlusun?!” sualına “Bir çin fəlsəfəsinin adi qulusun” qərarına gəlir və ona əlinin qanını yumaq vaxtı çatdığı barədə xəbərdarlıq edir. “Canavar” şeirində isə bu xəbərdarlıq daha böyük siyasi mahiyyət alır, oxucunu zülmə, zalıma qarşı çıxmağa çağırır:

Qanlı çöllərin bu azğın yolçusu
Bu yerdə nədən qurmuşdur pusqu?
Alov görüncə o, tez qaçar geri,
Atəşgədəyi yax, durma Azəri!

İstiqlal şeirləri təkcə  istiqlalçı məzmunla məhdudlaşmır, burada həm də ictimai motivli son dərəcə lirik şeirlər, marşlar da vardır. Lakin Gültəkin nədən yazır-yazsın, vətən, istiqlal bu şeirləri birləşdirən cəhətə çevrilir. “Sevgili Bakıya”, “Annəmə”, “Aldı getdi”, “Qafqaz türküsü”, “Gürcü kardeş” şeirlərində istiqlalın bədii coğrafiyası daha da genişlənir və zənginləşir. Qoşma janrında yazılan “ Aldı getdi “ şeiri isə həm lirik bir ovqat, həm də ictimai bir məzmuna malikdir.

Könül bağçasında bir qönçə vardı,
Onu da bir zalım yel aldı, getdi.
Orada hər sabah şəbnəm ağlardı,
Şimdi o cənnəti sel aldı, getdi.

Azəri qızı, ey nazənin gözəl,
Nə oldu bizləri yaşadan əməl?
Öpür qoxlamadan yabançı bir əl
Saçından iki - üç tel addı. Getdi.

Ey qəlbinə ələm dolan sevgilim,
Hər addımda könlü solan sevgilim,
Öz yurdunda qərib olan sevgilim,
O yuvanı hangı əl aldı getdi?..

“Buzlu cəhənnəm”ə daxil edilən bütün şeirlər yazılma tarixi etibarilə 1923-27-ci illəri əhatə edir. Bu da onu göstərir ki, Gültəkin bu şeirlərin hamısını Türkiyədə olarkən yazmışdır. Gültəkinin tərənnüm etdiyi şanlı Azərbaycan istiqlalı bu gün yaşayır və bu istiqlalda onun Azalıq şeirlərinin də xüsusi payı vardır. Bu şeirlərin enerjisinə illərin soyuğu, şaxtası belə heç bir təsir göstərə bilməyib.

525-ci qəzet

12 dekabr 2016-cı il

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015