AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Müdrik Qoca arxetipinin semantik strukturu və paradiqmaları” adlı monoqrafiya işıq üzü görüb
Noy 23, 2016 | 02:33 / Konfranslar, iclaslar
Oxunub 1297 dəfə

AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyevin “Müdrik Qoca arxetipinin semantik strukturu və paradiqmaları” adlı monoqrafiyası işıq üzü görüb.

“Elm və Təhsil” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunan monoqrafiyanın elmi redaktoru və ön sözün müəllifi Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu, rəyçiləri isə filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy, filologiya üzrə elmlər doktoru Xatirə Bəşirli və filologiya üzrə fəlsəfə doktoru Etibar Talıblıdır.

Müəllif kitabında geniş elmi axtarışlara söykənərək, müasir nəzəri-metodoloji yanaşmalar kontekstində Azərbaycan folklorunda Müdrik Qoca arxetipi və onun çoxsaylı təzahür səviyyələrini şərh edib. Tədqiqatda Müdrik Qoca arxetipinin təzahür səviyyələri, obraz paradiqmaları, sosiokulturoloji aspektləri, emosional özünüifadə modelləri müəyyənləşdirilib.

Monoqrafiya Müdrik Qoca arxetipinin folklor transformasiyalarının müəyyənləşdirilməsi baxımından folklorşünaslığımız üçün mühüm əhəmiyyət kəsb edir. Müəllif tədqiqatını xalqın kollektiv yaddaşını özündə ehtiva edən mifoloji mətnlər, atalar sözləri və deyimlər, əfsanə, rəvayət, lətifə, memuar, nağıl, dastan, epos və s. üzərində aparmaqla Müdrik Qoca arxetipinin emosional özünüifadə modellərini geniş araşdırıb.

Qeyd edək ki, Azərbaycan folklorunda Müdrik Qoca arxetipinin araşdırılması zamanı Avropa və Amerika folklorşünaslığının nəzəri-metodoloji təcrübəsindən istifadə olunub, folklor mətnləri yeni baxış bucağından tədqiqata cəlb edilib. Monoqrafiya ali məktəb müəllimləri və tələbələr, mütəxəssislər, həmçinin folklor mövzuları ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın PDF variantını bu linkdən yükləyə bilərsiniz.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015