AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Milli mədəniyyət sistemində poetik təsəvvüf kodu” adlı monoqrafiya işıq üzü görüb
Noy 23, 2016 | 02:21 / Yeni nəşrlər
Oxunub 1271 dəfə

AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin “Milli mədəniyyət sistemində poetik təsəvvüf kodu” monoqrafiyası işıq üzü görüb.

“Elm” nəşriyyatı tərəfindən çap olunan monoqrafiyanın elmi redaktoru AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, ön sözün müəllifi isə mərhum professor Yaşar Qarayevdir.

Monoqrafiyada XIII-XVI əsrlər Azərbaycan bədii fikrinin inkişaf dinamikası həmin mərhələdə ümummüsəlman mədəniyyətinin mühüm ideya bazalarından birini təşkil edən təsəvvüf təlimi ilə qarşılıqlı əlaqələr kontekstində vahid kulturoloji proses kimi elmi baxımdan modelləşdirilib. Təqdim olunan modeldə milli poetik düşüncə nümayəndələrinin yaradıcılıqları poetik fəlsəfədən (Mahmud Şəbüstəri, Marağalı Əvhədi, İzəddin Həsənoğlu, Qazi Bürhanəddin) fəlsəfi poeziyaya (İmadəddin Nəsimi) və təriqət xarakterli fəlsəfi poeziyadan (Şah Qasım Ənvar, Şah İsmayıl Xətai) fövqəlestetik poetikliyə (Məhəmməd Füzuli) inkişaf xətti üzrə ümummüsəlman və ümumtürk mədəniyyəti kontekstində araşdırılır.

Monoqrafiyada qədim və klassik bədii-fəlsəfi irsə modern nəzəri-metodoloji mövqedən nəzər salınır, “təsəvvüf” anlayışı poetika problemi kimi araşdırılır. Problemə bu aspektdən yanaşan müəllif XIII-XVI əsrlər Azərbaycan poetik fikrində təsəvvüfün bədii qatdakı modelini, sufi yaddaşın şeirdəki kodlarını və kateqoriyalarını, mənəvi-əxlaqi və semantik-antoloji dəyərlər sistemini, romantizmlə əlaqələrini geniş təhlil edir.

Yeni nəşr ali məktəb müəllimləri və tələbələr, mütəxəssislər, həmçinin təsəvvüf ədəbiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın PDF variantını bu linkdən yükləyə bilərsiniz.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015