AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Cavid hikməti: seçmə aforizmlər” kitabının təqdimatı olub
Okt 24, 2016 | 04:44 / Konfranslar, iclaslar
Oxunub 1242 dəfə

Oktyabr ayının  24-də AMEA Hüseyn Cavidin Ev  Muzeyində  böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının ildönümü ilə əlaqədar iki dildə nəşr olunan “Cavid hikməti: seçmə aforizmlər” kitabının təqdimat mərasimi keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Hüseyn Cavidin şərəfinə ucaldılmış abidənin önünə tər çiçəklər qoyaraq xatirəsini hörmətlə yad ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli dramaturqun həyat və yaradıcılığından söhbət açıb. Hüseyn Cavid şəxsiyyətinin ucalığı barədə fikir söyləyən natiq bildirib ki, ədibin əsərləri ədəbiyyatımızın qürur və iftixarıdır.

Akademik T.Kərimli qeyd edib ki, təqdim edilən nəşr Azərbaycan ədəbiyyatının təbliği sahəsində görülən işlərə böyük töhfə verəcək. Hüseyn Cavidin beşcildlik külliyatı əsasında hazırlanmış kitabda dahi şairin insanlıq, Vətən, millət, məhəbbət və müxtəlif insan münasibətləri haqqında müdrik sözləri və kəlamları ilk dəfə ingilis dilinə tərcümə edilərək oxuculara təqdim olunur.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli yeni nəslin düşüncəsində, dünyagörüşündə Cavid obrazının canlanması, onun bizim müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğu xatırladıb. Böyük Cavidin nəşinin Azərbaycana gətirilərək, doğulduğu Naxçıvan torpağında dəfn edilməsinin ümummilli liderin ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız və Cavidlər ailəsi üçün əlamətdar hadisə olduğu söyləyib. Ulu öndər Heydər Əliyevin ədibin irsinə daim yüksək diqqət göstərdiyini vurğulayan AMEA-nın vitse-prezidenti deyib ki,   Hüseyn Cavidin Bakıda və Naxçıvanda ev muzeylərinin təşkil olunması da bu diqqətin nümunəsidir.

Böyük şairin, Cavidlər ailəsinin irsinin toplanması, qorunması, tədqiq və təbliğ edilməsi sahəsində Hüseyn Cavidin Ev Muzeyinin fəaliyyətini yüksək dəyərləndirən akademik İ.Həbibbəyli muzey tərəfindən böyük dramaturqun əsərlərinin X cilddə çapa hazırlandığını diqqətə çatdırıb.

İsa Həbibbəyli dramaturqu tolerant yazıçı adlandıraraq, onun əsərlərində tolerant düşüncənin yüksək səviyyədə ifadə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, H.Cavidin irsi multikulturalizm ənənələri ilə zəngindir.

Cavidin XX əsrin əvvəllərində minilliklərdən bəri davam edən irfan ədəbiyyatının, mədəniyyətinin romantikasını yaratdığını vurğulayan AMEA-nın vitse-prezidenti qeyd edib ki, böyük ədib bu romantikanı yeni bir mənzum dram janrında ədəbiyyata gətirmişdir. Bu, Cavidin böyüklüyüdür. H.Cavid XX əsrin əvvəllərində belə bir romantik məktəbin banisi kimi, xüsusilə də mənzum dram janrının banisi kimi tarixilik qazanmışdır.

Akademik İ.Həbibbəyli vurğulayıb ki, o, XX əsrdə Azərbaycanda türkçülük məfkurəsini daha yüksək zirvəyə qaldıran həm böyük ideoloq idi, həm də bu ideyaları ədəbiyyata gətirən böyük bir şəxsiyyət idi.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev təqdim olunan kitabın əhəmiyyətindən bəhs edib. O, ümumtürk dünyası üçün, bəşəriyyət üçün Cavid irsinin öyrənilməsinin və təbliğinin vacibliyini önə çəkib.

Qeyd olunub ki, yeni nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə yardımı və AMEA Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı Fəridə Əliyevanın rəhbərliyi ilə “Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” adlı qrant layihəsinə əsasən işıq üzü görüb. İlk dəfədir ki, Cavid aforizmlərinin iki dildə çap olunduğu kitabın tərtibçisi və öz sözün müəllifi muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, elmi məsləhətçisi akademik İsa Həbibbəyli, redaktoru isə akademik Teymur Kərimlidir.

Tədbirdə şairin qohumu, YAP Yasamal rayon təşkilatının sədri Tağı ƏhmədovFolklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, Cavid Komissiyasının üzvü Kəmaləddin Qədimi və başqaları iki dildə nəşr olunan “Cavid hikməti: seçmə aforizmlər” kitabının böyük sənətkar Hüseyn Cavid yaradıcılığının daha da dərindən araşdırılmasında mühüm rolu olacağını vurğulayıblar.

Çıxışlarda dünya ədəbiyyatında özünəməxsus və təkrarolunmaz yer tutan Hüseyn Cavid yaradıcılığının ayrı-ayrı istiqamətləri təhlil olunub. Qeyd olunub ki, Hüseyn Cavidin əsərlərinə maraq tükənməz olduğu kimi, onun yaradıcılıq yolu da sonsuzluğa doğru uzanır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015