AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik Rafael Hüseynov beynəlxalq konfransda ortaq poeziya və muğam mühitinin təsirinə dair məruzə ilə çıxış edib
Okt 26, 2016 | 10:30 / Konfranslar, iclaslar
Oxunub 1865 dəfə

Oktyabrın 25-də Qərb Universitetində “İntermediallıq məsələləri. Musiqi və ədəbiyyat” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda 3 dildə ədəbiyyat və musiqi sənətinin intermedial əlaqələri və bir sıra məsələləri barədə müzakirələr aparılıb.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Zenfira Məmmədova bildirib ki, konfransda intermediallıq poetikası, musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi, Azərbaycan muğamı və aşıq yaradıcılığında musiqi ilə poeziyanın qarşılıqlı vəhdəti, incəsənətlərin ümumiliyi, musiqi və bədii ədəbiyyat, musiqi və poeziya, musiqi və dramaturgiya, ədəbiyyat–kino–musiqi, bəstəkar və ədib, bədii forma və digər məsələlər barədə məruzələr dinləniləcəkdir.

Sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov “Orta əsr Mərkəzi Asiyadakı mədəni transferə ortaq muğam və poeziya mühitinin təsiri” mövzusunda geniş məruzə ilə çıxış edib.

Təkcə Azərbaycanda deyil, bütün Şərq dünyasında yayılan muğamın coğrafiyasını elmi əsaslarla şərh edən akademik R.Hüseynov dahi söz ustaları - Nizami Gəncəvi, Hafiz, Füzuli, Sədi Şirazi, Seyid Əzim kimi qüdrətli sənətkarların yaradıcılığının muğama təsirindən söhbət açıb. Xüsusilə “İpək yolu” boyunca müsəlman dünyasının və bütünlükdə bu coğrafiyadakı ölkələrin “muğam dili”nin ucalan xətlə inkişaf etməsində şairlərin, xanəndələrin, el sənətkarlarının böyük rolu olduğunu bildirib.

Konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandıran natiq muğamın təbliğində Əbdülqadir Marağainin xüsusi rolunu göstərməklə yanaşı, XIX əsrin sonları, XX əsrin əvvəllərində Məşədi İsi, İslam Abdullayev, Hacı Hüsü, Keçəçi oğlu Məhəmməd kimi görkəmli sənətkarların muğamın Azərbaycanda xüsusilə inkişaf etməsində böyük rol oynadıqlarını bildirib.

Tədbirdə Tokio İncəsənət Universitetinin fəxri doktoru Geniçi Tsuge “Baburnamə”yə yenidən baxış” mövzusunda məruzəsində qədim cığatay türklərinin istifadə etdikləri tambur, ud, kamanə, qopuz kimi qədim türk alətlərindən söhbət açıb.

Konfransda ədəbiyyat və musiqi sənətinin intermedial əlaqələri haqqında müzakirələrdə Rusiyadan Olqa Tarışeva, Gürcüstandan Nana Vaişvili, İrandan Fərid Pərvaneh və digər qonaqlar bütün xalqların mədəniyyətlərinin qarşılıqlı inkişaf etdiyini, bir-birinə təsirinin danılmaz olduğunu vurğulayıblar.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015