AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Fransa Milli Assambleyasının deputatının başçılıq etdiyi nümayəndə heyəti AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub
Okt 12, 2016 | 10:49 / Görüşlər
Oxunub 1454 dəfə

Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub.

Muzeyi ziyarət edənlər arasında Jan Fransual Manseldən başqa, Fransa Milli Assambleyasının deputatı, Fransa Milli Assambleyasında Azərbaycan-Fransa Dostluq Qrupunun vitse-prezidenti, Milli Assambleyada beynəlxalq məsələlər kommisiyasının üzvü Fransua Seliye, Fransa Milli Assambleyasının deputatı, Milli Assambleyada beynəlxalq məsələlər kommisiyasının üzvü və katibi, Respublikaçılar partiyasının üzvü Mişel Tero, Fransa Milli Assambleyasının deputatı, Assambleyada iqtisadi məsələlər kommisiyasının üzvü, Houdan komunnasının Meri, Respublikaçılar partiyasının üzvü Jan-Mari Tetar, Fransanın tanınmış heykəltəraşı və rəssamı, YUNESKO-nun sülh sənətkarı xanım Hedva Ser də var idi.

Qonaqlara Azərbaycan ədəbiyyatının keçdiyi şərəfli yol, bu ədəbiyyatın görkəmli nümayəndələri olan Qətran Təbrizi, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və başqaları haqqında ətraflı məlumat verilib.

Azərbaycan ədəbiyyatının bütün dövrlərində yazıb-yaradan sənətkarların əsərlərində əksini tapan multikultural, tolerant dəyərlər, ustadlarımızın ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara dost münasibəti qonaqların böyük marağına səbəb olub. Onlar muzeyin ekspozisiyasında nümayiş etdirilən xalçalar, miniatürlər, orta əsrlərə aid kaşılar və xatirə əşyaları maraqla qarşılayıblar. 

Muzeyin binasını unikal memarlıq abidəsi adlandıran qonaqlar ekspozisiyasını gəzməkdən böyük zövq alıblar. Fransa Milli Assambleyasının deputatı Fransua Mansel muzeyin “Xatirə” kitabına ürək sözlərini yazıb.

Qonaqlara XII əsrin görkəmli şairəsi Məhsəti Gəncəvinin 900 illik yubileyi münasibətilə muzeyin direktoru, akademik Rafael Hüseynovun fransız dilində nəşr edilmiş “Məhsəti Gəncəvi” monoqrafiyası hədiyyə edilib.

Qeyd edək ki, oktyabrın 7-də Heydər Əliyev Fondunun dəstəyilə Fransanın Konyak şəhərində Məhsəti Gəncəvinin heykəli ucaldılmışdır ki, bu da şairənin ölkə xaricindəki ilk abidəsidir. Bu hadisə iki ölkə arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinin, Azərbaycan və Fransa arasında mədəni əlaqələrin güclənməsinin nəticəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015