AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev “Multikulturalizmin elmi-nəzəri əsasları və Azərbaycan reallığında inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib
Yan 27, 2016 | 05:00 / Konfranslar, iclaslar
Oxunub 1209 dəfə

Məlum olduğu kimi, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Bununla bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamda ölkənin müxtəlif elmi-pedaqoji, siyasi-ictimai qurumları ilə yanaşı AMEA-nın da qarşısına mühüm vəzifələr qoyulub.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yanvarın 27-də keçirilən iclasında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev“Multikulturalizmin elmi-nəzəri əsasları və Azərbaycan reallığında inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.

K.Abdullayev ümummilli lider Heydər Əliyevin multikulturalizmin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb. “Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” – deyən natiq ümummilli liderin Azərbaycanın əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirdiyini, onu keyfiyyətcə yeni müstəviyə keçirdiyini söyləyib.

Dövlət müşaviri ölkədə multikulturalizmin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini və bu sahədə uğurlu siyasətin aparıldığını bildirib. Ölkə başçısı İlham Əliyevin “Multikulturalizm Azərbaycan xalqına əsrlərdən bəri xas olan dəyərdir” fikrinin Azərbaycan multikulturalizminin elmi-nəzəri əsaslarının öyrənilməsi üçün yetərli qədər əsas yaratdığını qeyd edən Kamal Abdulla bu istiqamətdə aparılan işlərdən danışıb. Akademik Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin AMEA-nın dəstəyi ilə hazırladığı “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları”, “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” əsərləri haqqında geniş məlumat verib.

Məruzəçi multikultural təhlükəsizliyin əsasını təşkil edən istiqamətlərdən bəhs edərək, qeyd edib ki, hər bir ölkə öz enerji, iqtisadi və milli təhlükəsizliyini qorumaqla yanaşı, multikultural təhlükəsizliyini də təmin etməlidir. “Multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması deməkdir”. Akademik bildirib ki, ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəldilməsi, ölkədə milli müxtəlifliyin qorunmasına dövlət qayğısının göstərilməsi, ölkədə yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin mühafizəsinə dövlət və cəmiyyət tərəfindən dəstək verilməsi multikulturalizmin əsas prinsipləridir.

Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015