AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin birgə iclası keçirildi
Yan 18, 2016 | 04:00 / Konfranslar, iclaslar
Oxunub 870 dəfə

Bu gün AMEA Rəyasət Heyətində Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin birgə iclası keçirildi.

Tədbiri giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq hazırda ölkədə olduqca aktual xarakter daşıyan multikulturalizm dəyərlərinin Azərbaycan modeli haqqında danışdı. AMEA-nın 70 illik yubiley yığıncağında ölkə Prezident İlham Əliyevin “Bu gün multikulturalizm Azərbaycanda həyat tərzindən dövlət siyasəti səviyyəsinə qədər inkişaf etmişdir” fikrini xatırladan alim bildirdi ki, artıq multikulturalizmin Azərbaycan modelini dünyaya təqdim etməyin zamanı gəlib çatmışdır. İsa Həbibbəyli Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı sərəncamın bu məqsədə nail olmaq yolunda mühüm addım olduğunu diqqətə çatdırdı.

Alim ölkə Prezidentinin Bakıda keçirilmiş III Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi “Azərbaycanda multikulturalizm ənənələri hər zaman güclü olub” fikrini diqqətə çatdıraraq multikluturalizmin Azərbaycan modelinin 3 prinsipə əsaslandığını bildirdi. Bunların tarixi milli dəyərlər, tolerantlıq və azərbaycançılıq prinsiplərindən ibarət olduğunu, burada azərbaycançılıq prinsipinin xüsusi önəm daşıdığını qeyd etdi.

“Çağdaş dövrümüzdə həm Qərb, həm də Şərq dünyasında multikulturalizm milli siyasətin əsas tərkib hissəsidir” deyə bildirən vitse-prezident bu sahənin ölkəmizdə də aparıcı istiqamətlərdən biri olduğunu dedi. O, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin yüksək səviyyədə təşkili, ölkəmizdə beynəlxalq miqyasda humanitar forumların, müxtəlif mədəniyyətlararası və dinlərarası tədbirlərin keçirilməsini Azərbaycanda multikulturalizminin inkişafı baxımından yüksək qiymətləndirdi.

İsa Həbibbəyli AMEA-da ötən ildən multikulturalizm ilə bağlı elmi araşdırmaların aparıldığını, cari ildən etibarən isə alim və tədqiqatçıların bu mövzunu daha çox diqqət mərkəzində saxladığını bildirdi. Alim Akademiya əməkdaşlarını multikulturalizm ilə bağlı kütləvi informasiya vasitələrində mütəmadi olaraq çıxış etməyə, bu mövzunu yüksək səviyyədə təbliğ etməyə səslədi. Qeyd etdi ki, yaxın vaxtlarda AMEA tərəfindən ölkədə multikulturalizmin inkişafı mövzusunda konfransın təşkili və bu mövzuda kitabın çap olunması da nəzərdə tutulur.

Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla “Azərbaycan multikulturalizmi örnək model kimi” mövzusunda məruzəsini təqdim etdi. O, Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları, Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları, o cümlədən Azərbaycan multikulturalizminin siyasi qaynaqları haqqında danışdı. Azərbaycan multikulturalizminin dünyanın müxtəlif ölkələrində təbliğ və tədris edildiyini diqqətə çatdıran məruzəçi bu mövzuda bir neçə xarici ölkədə keçirilən dəyirmi masa və konfranslar haqqında məlumat verdi. Multikulturalizmin Azərbaycanda sinkretik maariflənmə üsulu olduğunu dilə gətirərək ölkənin ali təhsil müəssisələrində bu fənnin tədrisinin əhəmiyyətini önə çəkdi.

Tədbirdə çıxış edən akademiklər Vasim Məmmədəliyev, Rafael Hüseynov və fəlsəfə elmləri doktoru İlham Məmmədzadə mövzunun aktuallığını bir daha vurğulayaraq, multikulturalizm dəyərlərini birgə səylərlə təşviq etməyin vacibliyini vurğuladılar, məruzələrlə bağlı rəy və təkliflərini səsləndirdilər.

İclasda, həmçinin “Azərbaycan dilinin lüğət tərkibinin inkişafı, dilin normalarına əməl olunmasının ictimai monitorinqi və dilin verilənlər korpusunun hazırlanması üzrə inteqrasiya olunmuş elektron sistemin yaradılması” elmi-tədqiqat layihəsi müzakirə olundu.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015