AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin APA-ya müsahibəsi
Okt 18, 2015 | 10:10 / Maraqlı məlumatlar
Oxunub 595 dəfə

“Akademiyanın durğunluq dövrü bitib, ətalət dövrü başa çatıb”

 AMEA-nın vitse-prezidenti təyin olunduqdan sonra deyəsən, işləriniz hədsiz çoxdur. Hətta telefonda vaxt azlığından dönə-dönə gileyləndiniz...

  - Akademiyanın ictimai və humanitar bölməsi üzrə vitse-prezidenti seçildikdən sonra bu sahəni öyrənmək, tanış olmaq üçün çox vaxt ayırmaq lazım gəlir. İşin başlanğıc dövrüdür, ona görə bu sistemi dərindən öyrənmək gələcək işlər üçün çox böyük əhəmiyyətə malikdir. Həm də akademiyanın ictimai və humanitar bölməsinin əhatə dairəsi çox genişdir. Ədəbiyyat, dilçilik, tarix, iqtisadiyyat və başqa institutlar, həmçinin muzeylər bu bölmənin tabeliyindədir. Bundan başqa, akademiyada son vaxtlar işlər sürətlənib, islahatlar başlanıb. Bu islahatlarda iştirak etmək, bəzi vəzifələri icra etmək kimi üzərimə məsuliyyətli məsələlər düşür. Ona görə də, sözün əsl mənasında, vaxt qıtlığını çox dərindən hiss edirəm.

  - Milli Elmlər Akademiyası mətbuatda dəfələrlə tənqid olunub. Tənqidin əsas səbəbi kimi bu qurumun fəaliyyətsizliyi göstərilib. Rəhbər dəyişikliyi, islahatlar akademiyanın nüfuzunu özünə qaytara biləcəkmi?

  - Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, Milli Elmlər Akademiyası Azərbaycan xalqının milli sərvətidir. Bunu qorumaq, saxlamaq ümummilli, ümumdövlət vəzifəsidir. Bizdən asılı olmayan səbəblərdən – yəni sosializm sisteminin dağılması, yeni cəmiyyət quruculuğunun başlanması, müstəqilliyimizin ilk illərində cəmiyyətdə başlanan deformasiyalar elm və təhsilə çox ciddi təsir göstərdi. Hətta müstəqilliyin ilk illərində siyasi hakimiyyətə gələn qüvvələr akademiyanı bağlamaq çağırışları edirdilər. Bu mənada akademiyanın əvvəlki nüfuzunun itirilməsi cəmiyyətdən gələn xaos və dəyişmələrlə bağlı idi. Obyektivlik naminə onu da demək lazımdır ki, bəzən akademiya daxili imkanları hesabına öz qayğısına qala bilərdi ki, bunlar itirilib.

  - Öz imkanları hesabına deyəndə nəyi nəzərdə tutursunuz və itirilən nə olub?

  - Mən belə hesab edirəm ki, akademiyanın inkişafının bir çox sahələri özündən asılıdır. Akademiya Azərbaycan cəmiyyətində gedən proseslərdə fəal iştirak etməlidir.

  - Yəni?

  - Yəni məsələn, ölkədə gedən ictimai-siyasi proseslərdə, ölkədə aparılan demokratikləşmə proseslərində akademiya yaxından iştirak etməlidir. Akademiyanın müxtəlif institutlarında mükəmməl siyasi baxışları olan alimlər var. Müşahidə etmisinizsə, uzun bir dövr ərzində akademiya bu işlərdə çox zəif iştirak edib. Bir neçə aydır ki, artıq bu zəiflik aradan qalxıb. Hesab edirəm ki, akademik Akif Əlizadənin Yeni Azərbaycan Partiyasının sədr müavini seçilməsinin özü də akademiyanın cəmiyyət quruculuğunda iştirakının nəticəsidir. Azərbaycan cəmiyyətində elə bir hadisə tapmaq mümkün deyil ki, akademiya orda öz sözünü deməsin, nümayəndəsi ilə təmsil olunmasın. Demək olmaz ki, bu iş yüksək həddə çatıb, amma yaxşı mənada bu proses başlayıb. Həmçinin informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunması onu göstərir ki, akademiyanın durğunluq dövrü bitib, ətalət dövrü başa çatıb. Obrazlı şəkildə akademiyanı dəyirman daşına bənzətsək, yatmış dəyirman daşının hərəkətə gəlməyini aydın şəkildə görürük.

  - Bu durğunluq və ətalətin səbəbkarı rəhbərlik idi?

  - Birmənalı şəkildə, hə! Yəni ailədə olduğu kimi, böyük akademiya cəmiyyətində də akademiyanın birinci şəxsinin iradəsindən, təcrübəsindən, müasirliyindən çox şey asılıdır. Bu mənada akademik Akif Əlizadə həm klassik məzmunu tam ifadə edən personadır, həm də müasir düşüncəyə malik, ənənə ilə müasirliyi özündə birləşdirən şəxsdir. Hesab edirəm, akademiyanın inkişafı üçün ənənəni qoruyub saxlamaqla yanaşı, müasirləşməyə də xüsusi diqqət yetirmək lazımdır.

  - AMEA-nın yüzlərlə əməkdaşı var və onların maaşları yüksək deyil. Ona görə də işçilər “adım akademiyada gedir, maaşımı alıram, çörəkpulumu da başqa yerdən qazanıram” yoluna əl atmağa məcbur olurlar. Nə vaxta qədər belə olacaq, bunun həlli yolunu nədə görürsünüz?

  - Milli Elmlər Akademiyasının qarşısında duran mühüm vəzifələrdən biri sosial vəzifələrin həlli məsələsidir. Ölkə başçısı cənab İlham Əliyev elm və təhsil işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün bir çox addımlar atıb. Bu proses davam edir. Akademiyada sosial məsələlərin həlli üçün bir neçə fəaliyyət istiqaməti artıq müşahidə olunmaqdadır. Bunlardan biri dövlət başçısının akademiyanın elmi işçilərinin əmək haqlarının artırılması üçün atdığı addımlardır. Amma şübhəsiz ki, başqa mənbələr də nəzərdən keçirilməlidir. Akademiyanın prezidenti gənc alimlərlə görüşündə də dedi ki, akademiyada lüzumsuz yerə tutulmuş vəzifələr ixtisar olunacaq. İllərdən bəri heç bir səmərə verməyən, elmə təsadüfən gələn, bu yerləri dolduran insanların ixtisarı hesabına, akademiyanın daxili imkanlarını maliyyə mənbələrinə çevirib işçilərə əlavə əmək haqları vermək mümkündür. Və biz belə bir addımı atmaq üzrəyik. Başqa bir tərəfdən də, Milli Elmlər Akademiyası bütün dünyada olduğu kimi, qrantlar hesabına fəaliyyətə üstünlük verməlidir. Məsələn, Elmə Dəstək Fondu və Dövlət Neft Şirkətinin sosial müdafiə fondunun imkanlarından yararlanmaq mümkündür. Çox təəssüf ki, akademiya uzun illər bu vasitələrdən yaxşı istifadə edə bilməyib, proqramlarda aktiv təmsil olunmayıb. Mən hesab edirəm, Azərbaycan alimləri beynəlxalq layihələrdə iştirak edib ölkənin siyasi maraqlarına xidmət edən qrantlar gətirməyə təşəbbüs göstərməlidirlər. Bütün bu imkanlardan düzgün istifadə olunsa, elə bilirəm, akademiyada çalışan işçinin ikinci iş yeri axtarmağına ehtiyac olmayacaq. Alimlərin təşəbbüskarlığından çox şey asılıdır. Heç kim evdə oturub gözləməməlidir ki, onun ideyasını hansısa beynəlxalq təşkilat dəstəkləyəcək.

  - Lüzumsuz ştatlara hansı institutlarda daha çox təsadüf edilir?

  - Akademiyada konkret olaraq hanısa institutun bağlanması haqqında söhbət getmir. Əksinə, yeni elmi tədqiqat institutların açılması istiqamətində iş aparılır. Hesab edirəm, “hansı institutda daha çox lüzumsuz yer var” söhbəti obyektiv yanaşmanı müəyyən etmir. Hər institut özü yaxşı bilir ki, hansı yerləri ixtisar etmək onların elmi tədqiqatlarına mane olmayacaq.

  - Rusiyada Elmlər Akademiyasının ləğv olunması məsələsi müzakirə olundu. Hətta qanun layihəsi müzakirə üçün Dumaya təqdim olunub. Hesab edilir ki, Qərbdə olduğu kimi bu qurum alimlərin könüllü birliyi şəklində fəaliyyət göstərməlidir. Bu məsələ haqqında nə düşünürsünüz?

  - Elmlər Akademiyası sovet dövründə yaranıb və o dövrdən qalan bir çox miraslardan imtina edib. Bir çox məsələlər var ki, onlardan da imtina etməlidir. Model olaraq indiki Milli Elmlər Akademiyasını mükəmməl model sayıram. Akademiyanı ictimai, kommersiya, özfəaliyyət təşkilatına çevirmək ziyalı potensialının məqsədyönlü inkişafı istiqamətində atılmış addımlarda tarazlığın pozulması deməkdir. Bu, zahirən demokratik görünə bilər, amma hesab edirəm, akademiyanın Azərbaycan ziyalılarının təşkilatlanmış və yaxşı mənada istiqamətləndirilən təşkilat modeli kimi yaşaması daha düzgündür. Akademiyanı dağıtmaq haqqında danışanlar Azərbaycan ziyalılığına böyük zərbə vururlar və bu, diletant, özlərini psevdo alim kimi göstərmək istəyən, bu qurumun mahiyyətini dərk etməyən adamların fikri ola bilər.

  - Akademiyada tanışlıq və digər yollarla elmi ad almaq halları varmı?

  - Azərbaycan cəmiyyətində təkcə akademiya yox, digər elmi adlar verən təşkilatlar varsa, onların bəziləri haqqında da mətbuatda belə halların mövcudluğu barədə məlumatlar oxuyuruq. Bu cür hallara qarşı mübarizə aparılır. İstisna deyil ki, akademiyada çalışanların heç də hamısı istedadlı adamlar deyillər. Çox təəssüf ki, zamanında bura iş yeri kimi gəliblər.

  - İstərdim, söhbətimizin mövzusunu dəyişək. Siz həm də Ədəbiyyat İnstitutunun rəhbərisiniz. Azərbaycan ədəbi tənqidinin vəziyyəti haqqında nə düşünürsünüz?

  - Bizim yazıçılar mühitində ədəbi tənqidin geri qaldığı, heç olmadığı barədə haqlı və haqsız iddialar irəli sürülür. Ədəbi tənqid ədəbiyyatşünaslığın istiqamətlərindən biridir. Sovet dövründə ədəbi tənqid daha çox kommunist partiyasının ədəbiyyat üzərindəki nəzarəti vəzifəsini yerinə yetirirdi. Bu formada ədəbi tənqid lazım deyil. Bu gün bizə müasir ədəbi prosesi Azərbaycanın müstəqillik dövrünün maraqlarına uyğun gələn, öyrənən ədəbi tənqid lazımdır. Ədəbi tənqid ifadəsindəki “tənqid” sözü var və ədəbiyyatşünasların, yazıçıların bir çoxu hesab edir ki, ədəbi tənqid yalnız yazıçını tənqid etməkdən ibarətdir. Halbuki, belə deyil. Bizdə o adamlar daha çox tənqidçi kimi tanınıblar ki, onlar daha çox əsəri tənqid etməklə məşğul olublar. İndi bu imzaların adını çəkmək istəməzdim.

  - Müasir tənqidçi imzalarından kimlər daha çox sizin diqqətinizi çəkib?

  - Ədəbiyyatşünas olduğum üçün vaxtım olduqca müasir ədəbi prosesi izləməyə çalışıram. Bizdə yazıçı tənqidi deyilən mükəmməl bir istiqamət var. Bu cəhətdən ən fəal görünən adamlar Anar və Elçindir. Bu iki insan yaxşı yazıçı olmaqla bərabər, həm də ədəbi proses haqqında dolğun tənqidi məqalələr yazan tənqidçilərdir. Bu sıraya Kamal Abdullanı da aid etmək olar. Düzdür, o həm də filologiya elmləri doktoru və yaxşı dilçidir, həm də ölkənin ən aktiv yazıçılarından biridir. Azərbaycanda professional tənqidin ən yaxşı nümayəndələrindən bir Vaqif Yusiflidir. Vaqif Yusifli ədəbi prosesi daha yaxından izləyir və yazıçılar haqqında tez-tez yazır. Bu sıraya mən Əsəd Cahangirin adını da əlavə etmək istərdim. O da bir çox istiqamətlərdə professional söz deyir. Bugünkü tənqidin məsuliyyətini dərk edən və yükünü çəkən insanlardan biri məhz Əsəd Cahangirdir.

  - Yazıçılar Birliyinin ədəbi nəşrlərini izləyirsinizmi?

  - Vaxtım, imkanım çatan qədər izləyirəm. “Ulduz” jurnalı başdan-başa gəncləri çap edir. “Azərbaycan” jurnalında gənclərə geniş yer verilir. “Ədəbiyyat qəzeti”ndə gənc imzalar daha çoxdur.

  - “Ədəbiyyat qəzeti”ndə?

  - Düzdür, bəzən “Ədəbiyyat qəzeti”ndə gəncliyə yer vermirlər, daha doğrusu, az yer verilir, amma sizə deyim ki, “Ədəbiyyat qəzeti”nin son bir ildəki nömrələrini açıb baxın, yaşlı nəsildən daha çox gənclər çap olunub. Məncə Yazıçılar Birliyinin gəncliyə olan meyli güclüdür. Gənclik daha çox narazıdır, amma ən çox yeri də elə gənclər tutub. Mən mənasız yerə yer tutublar demirəm, yəni daha çox mövqe qazanıblar. Gənclərə xüsusi yer verən mətbuat orqanları içində “525-ci qəzet”in də adını xüsusi qeyd etmək istəyirəm. Bu qəzet gəncliyə, yeni sözə, yeni düşüncəyə, təfəkkürə geniş meydan verir, dəstəkləyir.

  - Yazıçılar Birliyinin bugünkü fəaliyyətini necə qiymətləndirirsiniz? Bu təşkilata ünvanlanan tənqidlərdə haqlı məqamlar varmı?

  - Mən Ədəbiyyat İnstitutunu təmsil edirəm, ona görə Yazıçılar Birliyinin işinə qarışmaq mənasında danışmaq istəməzdim. Yazıçılar Birliyi adamlara istedad vəsiqəsi paylamalı deyil ki... Yazıçılar Birliyi istedadlı adamların əsərlərini üzə çıxarır, müzakirələr təşkil edir. Mən Ədəbiyyat İnstitutunun Yazıçılar Birliyi ilə əlaqələrinin yenidən qurulmasına ehtiyac duyuram. İndi tətildir, istərdim iş başlayandan sonra birliyin rəhbəri ilə görüşüb, işgüzar söhbət aparaq.

  - Siz “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmisiniz. Mirzə Cəlilin ədəbi fəaliyyəti və şəxsiyyəti tez-tez tənqid olunur...

  - Sərt cavab verərdim, sadəcə, istəmirəm mətbuatda bunu deyim. Mirzə Cəlili anlamaq dərdi var. Bizim klassiklərimizi inkar edənləri heç cür başa düşə bilmirəm. Belə adamlar söz deməyə özlərini səlahiyyətli sayırlarmı?

  - “Molla Nəsrəddin” jurnalını lağlağıçılıqda, xalqı ciddi mətləblərdən uzaq salmaqda ittiham edirlər. Məsələn, o dövrdə “Füyuzat” yolu vardı...

  - Mirzə Cəlilin gizli imzalarından biri də lağlağıdır. Əgər lağlağı üslubunda fikrini ifadə etməyi qəbahət hesab etsəydi, hər şeydən qabaq özünə lağlağı adını götürərdimi? “Danabaş kəndinin əhvalatları” əsərində onun əsas fikirlərini ifadə edən iki obraz var ki, onun biri Lağlağı Sadıqdır. Lağlağı Sadıqın əsərdəki “bir yüngülvarı müqəddimə”də tutduğu kiçik yer və ifadə elədiyi böyük fikirlər, az qala “Molla Nəsrəddin” məktəbinin proqramını özündə cəmləşdirirdi.

  - “Hophopnamə”də Sabirin adı ilə çap olunan “Millət necə tarac olur olsun, nə işim var” şeirinin müəllifinin Mirzə Cəlil olduğu iddia olunur. Bu haqda nə düşünürsünüz?

 

 - Çox təəssüf ki, bu mübahisə bir əsrə yaxındır davam edir. Arqument üçün əsas dəlil əlyazma olmalıdır. Çox təəssüf ki, “Nə işim var” satirasının əlyazması bizə gəlib çatmayıb. Mən qəti bu fikirdəyəm ki, bu şeir Cəlil Məmmədquluzadənindir. Qəti bu fikirdəyəm! Sabiri sevən iki insan olub: Mirzə Cəlil və Abbas Səhhət. Bir şeir üçün dava etmək Mirzə Cəlilə yaraşmaz. Mirzə Cəlil gerçəklik naminə yazmışdı ki, şeir Sabirin deyil. Sabirin “Molla Nəsrəddin”də çap olunması səkkizinci nömrədən başlanmışdı. Bu şeir isə dördüncü nömrədə çap olunub. Mirzə Cəlil özündən çox istədiyi Sabirin bir şeirinə sahib çıxmaq istəyərdimi? Mirzə Cəlil deyirdi ki, bu şeir Sabirin digər şeirlərindən zəifdir və Sabir yazsaydı, bunu məndən yaxşı yazardı. Mənim nəzərimdə bu şeirin “Hophopnamə”yə salınması düzgün deyil. Sabirşünaslar əllərində arqumentlər olmadığı halda, süni şəkildə bu şeiri yenə də Sabirə aid edirlər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015