AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Aşıq Ələsgər: sazın sehri və sözün şöhrəti” mövzusunda Beynəlxalq Elmi Konfrans (Bakı şəhəri, 24 may 2021-ci il)
Mart 31, 2021 | 03:46
Oxunub ( 53 )

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 fevral 2021-ci il tarixində Azərbaycan aşıq şeirinin mühüm nümayəndəsi, böyük sənətkar Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında Sərəncam imzalamışdır.

Aşıq yaradıcılığı Azərbaycan folklorunun mühüm qollarından birini təşkil edir. Bu ədəbiyyatın janr və mövzu baxımından zəngin nümunələrinin yaradıcıları sırasında Aşıq Ələsgərin adı xüsusilə qeyd edilir. Çünki çoxəsrlik aşıq sənətinin ən yüksək zirvəyə qalxmasında ustad aşığın misilsiz xidmətləri olmuşdur. Aşıq Ələsgərin belə xidmətlərindən biri də onun çox sayda yetirmələrinin olması və gələcəyin məşhur aşıqlarının da məhz onun tələbələri arasından çıxmasıdır. Həmin aşıqlar üçün Aşıq Ələsgərin zəngin poetik irsi əsl sənətkarlıq məktəbi olmuşdur. 

Sərəncamda da bildirildiyi kimi, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.

AMEA Folklor İnstitutu görkəmli sənətkarın aşıq sənətinin inkişafındakı misilsiz xidmətlərini nəzərə alıb, ustad aşığa dərin ehtiram əlaməti olaraq Aşıq Ələsgər: sazın sehri və sözün şöhrəti” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirməyi planlaşdırmışdır. Sizi Aşıq Ələsgərin zəngin yaradıcılığının müxtəlif istiqamətlərini əhatə edəcək məruzələrlə konfransda iştiraka dəvət edirik.

folklor.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015